31 Avqust 2023 14:42
11 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidanın Ərzuruma səfərində ondan bu şəhərin işğalı zamanı ruslar tərəfindən ələ keçirilən, hələ də Rusiyada Pyotr və Paul Katedralında sərgilənən döyüş bayraqlarını geri alması istənilib.

Teleqraf.com xəbər verir ki, bu barədə hakim partiyanın (AKP) Ərzurum təşkilatının sədri İbrahim Küçükoğlu məlumat verib.

“Birinci Dünya müharibəsində Sarıqamışda on minlərlə türk əsgərinin şəhid olması nəticəsində rusların əlinə keçən döyüş bayraqlarının vətənə qaytarılmasını istəyirik. Məsələ ilə bağlı xarici işlər nazirinə məlumat verdik, ondan dəstək istədik. Nazirimiz bu məsələnin türk tarixi üçün önəmli olduğunu və bununla məşğul olacağını dedi. Uğrunda minlərlə igidin fəda olduğu bayraqlarımızın üstündən yüz ildən çox vaxt keçməsinə baxmayaraq əsirlikdə qalması heç bir vətən və millətin həzm edə biləcəyi bir durum deyil”, - Küçükoğlu bildirib.

Ərzurum 1829-1878 və 1916-cı illərdə 3 dəfə Rusiya işğalına məruz qalıb.

1915-ci ilin yanvarında ruslar Sarıqamış əməliyyatında iştirak edən türk qoşunlarına qarşı hücuma keçmişdilər. Bundan sonra orduya geri çəkilmək əmri verilmişdi. Ruslar bu zaman yolları kəsərək türk hərbçilərini ələ keçirmək niyyətində idilər. Baş komandanın müavini Ənvər Paşa düşmən əlinə keçməmələri üçün Osmanlı 27 alayın bayraqlarının sağ-salamat Ərzuruma göndərilməsini tələb etmişdi. Təəssüf ki, bu zaman 9 döyüş bayrağı rusların əlinə keçib.

O dövrdə rusların müttəfiqi olan ingilislərin qəzetləri bu olaydan məmnunluqla yazmışdılar.

Ruslar tərəfindən ələ keçirilən bayraqlar hələ də Sankt-Peterburqda Pyotr və Paul Katedralındadır. Bayraqlar Moskva Dövlət Tarix Muzeyində də sərgilənib.


Müəllif: Mənsur Rəğbətoğlu