2 Sentyabr 2023 14:04
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Çin Pedaqoji Universitetinin elm adamları iddia edirlər ki, indiyədək bəşəriyyətin təxminən 99 faizi temperaturun kəskin enməsini səbəbindən məhv olub. Konkret olaraq təxminən 900 000 il əvvəl yalnız 1280 nəfər sağ qalmış və bu durum 117 000 il davam etmişdi.

Teleqraf.com xəbər verir ki, elm adamları müasir genetik xətləri dəqiq öyrənmək üçün yeni modeldən istifadə edərək hərtərəfli araşdırma aparıblar. Bu, əcdadlarımızın sayı haqda məlumatda əldə etməyə imkan verir. Elm adamları həm Afrika, həm də qeyri-afrikalı populyasiyalar da daxil olmaqla 3154 müasir insanın genetikasını ətraflı tədqiq ediblər.

İddiaya görə, insanların kütləvi məhvi uzunmüddətli buzlaşma, dəniz səthinin temperaturunun kəskin aşağı düşməsi və quraqlıqla müşahidə olunan iqlim dəyişiklikləri dövrünə təsadüf edib. Bu, həm də qida çatışmazlığı səbəbindən digər növlərin də yox olmasına səbəb olub. Alimlərin fikrincə, bəşər tarixinin bu çətin dövrü neandertallarla sonuncu ortaq əcdadımızın, eləcə də nəsli kəsilmiş başqa bir insan növü olan denisovların mövcudluğu ilə üst-üstə düşür.

“Bu, həmin insanların harada yaşadığı, fəlakətli iqlim dəyişikliyi ilə necə mübarizə apardıqları, soyuma dövründə təbii seçmənin insan beyninin təkamülünü sürətləndirib-sürətləndirmədiyi kimi bir çox suallar doğurur”, - tədqiqatın müəllifi Yi-Xuan Pan deyib.

Eyni zamanda, britaniyalı mütəxəssislər Nik Eşton və Kris Strincer bu iddianı gücləndirəcək fikir səsləndiriblər. Onların fikrincə, bu araşdırma əcdadlarımızı təxminən 930 000 il əvvəl vurmuş və təxminən 120 000 il davam edən şiddətli “demoqrafik aclığa” işıq salır.

Elm adamları bəşəriyyətin yenidən kəskin iqlim dəyişikliyi ərəfəsində olduğunu istisna etmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər