“Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləndən sonra Türkiyə ilə Rusiya arasında münasibətlər pozulub”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov çıxış edib.
Onun qənaətincə, bu məsələ Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin görüşündə müzakirə olunacaq: “Türkiyənin Rusiyaya qarşı “qeyri-dost” münasibəti Ankara üçün dezavantajdır. Ola bilsin ki, Putinlə Ərdoğanın görüşündə bu münasibət düzəldiləcək. Münasibətlərimizin kəskin şəkildə dəyişəcəyinə inanmıram. Türkiyə və Rusiya əməkdaşlıqda maraqlıdır və ümid edirik ki, əlaqələrimiz keçmişdə olduğu kimi proqnozlaşdırıla bilən qalacaq”.
Tsekov qeyd edib ki, Rusiya üçün münasibətlərdə ən ağrılı hadisə Türkiyədən Ukraynaya Azov batalyonunun komandirlərinin göndərilməsi olub: “Türkiyə ABŞ, Ukrayna və ya Rusiyanın maraqlarına uyğun deyil, yalnız öz maraqlarına uyğun hərəkət edir. Ankara Moskvaya qarşı sanksiyalarda iştirak etmədi, Qara dənizdəki boğazları bağlamadı, bundan əlavə, iki ölkənin dövlət səviyyəsində bir çox ortaq layihələri var. Bu amillərin dövlətlərə və onların liderlərinə “isti” münasibətləri saxlamağa imkan verəcəyinə ümid edirəm”.