Ukrayna qüvvələri Zaporoje vilayətinin qərbində əks-hücum əməliyyatlarını davam etdirir. Ukraynalılar son əməliyyatlar nəticəsində irəliləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya mənbələri də rus qoşunlarının Robotin qəsəbəsinin cənubundan dəqiqləşdirilməmiş mövqelərə çəkildiklərini etiraf ediblər.
Məlumata görə, Ukrayna ordusu Zaporoje vilayətinin bəzi ərazilərində Rusiyanın birinci müdafiə xəttini yarıb. Amma Rusiyanın əlavə beton istehkamları və sıx minalanmış sahələri səbəbindən vəziyyət çətin olaraq qalır.
“Rusiya qüvvələri Ukraynanın minalardan təmizləmə işlərinə mane olmaq məqsədilə minalanmış sahələrə tez alışan materialları səpərək, onları pilotsuz təyyarələrdən atılan bombalarla yandırırlar”, - məlumatda bildirilir.
Amerikalı analitiklər Rusiyanın cənubda ciddi canlı qüvvə və texnika problemi ilə üzləşdiyini də iddia edirlər.