Rusiya Prezidenti Vladimir Putinin qızı Mariya Vorontsova sanksiyalara baxmayaraq, elmi əsərlərini ABŞ və İsveçrənin elmi jurnallarında dərc etməyə davam edir.
Teleqraf.com xəbər verir ki, rus mənbələri Qərbin sanksiyalarının heç bir şəkildə Putinin qızına mane olmadığını bildirirlər.
Vorontsova tibb elmləri namizədi və endokrinoloqdur.
Rusiya liderinin qızının 2022-2023-cü illərdə “The Endocrine Society” (ABŞ) və “MDPI Publishing” (İsveçrə) jurnallarında endokrinologiya və tibb mövzusunda dörd məqaləsi dərc olunub. Bunlardan biri Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevralında işıq üzü görüb. Qalanları isə müharibədən – Rusiyaya qarşı sanksiyalar başladıqdan sonra dərc edilib.
Vorontsova bütün məqalələrini Moskva Dövlət Universitetinin elm adamları ilə həmmüəllifliyi ilə yayımlayıb. Putinin qızı ilə əməkdaşlıq edən elmi nəşlərdən biri bildirib ki, sanksiyalar Qərbdə nəşri qadağan etmir. Eyni zamanda, nüfuzlu elmi jurnallar hətta nəşrlərə görə qonorar da ödəyir.