“Qərb Ukraynaya dəstəyi dayandırsa və bu, Rusiyanın müharibədə qalib gəlməsinə imkan versə, bu ölkələrin seçiciləri öz liderlərinin bu cür davranışını bağışlamayacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, tərəfdaş ölkələr Ukraynanı sona qədər dəstəkləyəcəklərinə inandırmaqda davam edirlər, amma bəzilərinin artıq Ukrayna ilə olmadığı açıq görünür.
"Ukraynanın yanında deyilsənsə, Rusiyanın yanındasan, Rusiya ilə deyilsənsə, Ukraynanın yanındasan. Tərəfdaşlarımız bizə kömək etməsələr, Rusiyanın qalib gəlməsinə kömək edəcəklər”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Qərb liderlərini Ukraynaya dəstəyi davam etdirməyin zəruriliyinə inandırmağın ən yaxşı yolu onlara medianın köməyi ilə təzyiq göstərməkdir:
“İnsanlar oxuyurlar, müzakirə edirlər, qərar verirlər və təkid edirlər. Xalq Ukraynanı itirsə, öz liderlərini bağışlamayacaq”.
Zelenski əlavə edib ki, Ukraynanın məğlubiyyəti tərəfdaş ölkələrin seçicilərini qəzəbləndirəcək.