11 Sentyabr 2023 21:00
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In təxminən dörd ildən sonra ilk dəfə başqa ölkəyə səfər etməyi planlaşdırır. Yəqin ki, o, sevimli nəqliyyat növündən - dəbdəbəli, ağır zirehli və çox yavaş qatardan istifadə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

Kimin Şimali Koreya ilə sərhəddən 300 mil məsafədə yerləşən Rusiyanın liman şəhəri Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Kim 2011-ci ildə atası Kim Çen İrin ölümü ilə hakimiyyətə gəldikdən sonra Şimali Koreyadan kənara nadir hallarda səfər edib. O, pandemiya zamanı ətraf aləmlə əlaqəni tam kəsmişdi. O günlərdə (2021-ci ildə) yalnız rusiyalı diplomatlar təcrid olunmuş Şimali Koreyadan kənara çıxıblar. O da qatarla ölkələrinə getmək üçün...

Şimali Koreya elitasından kənarda çox az adam Kim Çen Inın qatarında səyahət edib. Bununla belə, dövlət mediasının fotoşəkilləri onun “sirli qatar”ı ilə bağlı qəribə mənzərə yaradır.

Qatar yaşıl və sarı rənglərə boyanıb. Daxili çəkilişlərdə uzun dialoq masaları və düz ekran monitorları olan parlaq ağ interyerlər görünür. Digər fotolarda qırmızı dəri stullar olan otaqlar əks olunur.

Şimali Koreya liderlərinin səfərləri ilə bağlı ən təfərrüatlı xəbərlərdən biri Rusiya rəsmisi Konstantin Pulikovskiyə məxsusdur. O, Kim Çen İrin Rusiyanın uzaq şərqinə səfəri barədə “Şərq Ekspresi” adlı kitabında yazıb. Pulikovskinin kitabında Şimali Koreya liderlərinin uzun yemək menyusundan da bəhs olunur.

“Rusiya, Çin, Koreya, Yaponiya və Fransa mətbəxlərindən istənilən yeməyi sifariş edə bilərsiniz”, - müəllif qeyd edir. Menyuda Bordo və Burqundiya şərabları də var. Pulikovski bildirir ki, qatarda səyahət edənləri gənc müğənnilər əyləndirirlər.

Cənubi Koreyanın “Çosun İlbo” qəzetində 2009-cu ildə çıxan məqalədə deyilirdi ki, qatar 90 vaqondan ibarətdir. Bunlardan bəziləri nəqliyyat vasitələrinin daşınması üçün nəzərdə tutula bilər. 2001-ci ildə Kim Çen İrlə birlikdə səyahət etmiş başqa bir rus diplomatı Georgi Toloraya sonra yazmışdı ki, həmin səfərdə iki zirehli “Mersedes” aparılıb.

Kimin qatarı saatda maksimum 37 mil gedə bilir. Qatarın yavaş sürəti vaqonlara quraşdırılmış zirehlərə görə nəhəng çəkisi ilə izah olunur.

Toloraya bildirmişdi ki, 2001-ci ildə rus texniki mütəxəssisləri Kim Çen İrin qatarına baxış keçirərkən onun yaşayış və rəsmi məqsədlər üçün istifadə etdiyi iki əsas vaqonunun altında zirehli lövhələr aşkar ediblər. Mütəxəssislər həmçinin vaqonların sovet mənşəli olduğunu, amma sonradan əsaslı şəkildə dəyişdirildiyini deyirlər.

Qatar təhlükəsizlik səbəbi ilə tez-tez fasilə verməli olur. Hələ 2009-cu ildə media xəbər vermişdi ki, 100-ə yaxın təhlükəsizlik agenti bütün stansiyaları potensial təhlükələrə görə yoxlayır, digər qatarların hərəkətinin qarşısını almaq üçün stansiyalarda elektrik enerjisi kəsilir. Bundan başqa, stansiyalar havadan təyyarələr və helikopterlər vasitəsilə yoxlanılır. Bunun üçün İl-76 və Mİ-17 helikopterlərinin daxil olduğu böyük logistika qrupu ayrılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər