Amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskın keçən il Ukraynanın Krımda Rusiya donanmasına qarşı planlaşdırdığı hücumun qarşısını aldığına dair iddiaları Pentaqonda suallar yaradıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin baş katibi Frank Kendall deyib.
“Sözügedən iddialar ABŞ ordusunun gələcək müqavilələrdə satın aldığı xidmət və ya məhsulların müharibədə istifadə oluna biləcəyini daha aydın şəkildə göstərməsi ilə bağlı suallar doğurur. Ukrayna məsələsindən əlavə Pentaqona “SpaceX” lazımdır.
İddialar Maskın və ya başqa bir kommersiya təchizatçısının gələcəkdə mümkün bir qarşıdurmada xidmətdən imtina edə biləcəyinə dair qeyri-müəyyənlik yaradır. Bu, onları bağlanılacaq müqavilələrdə aydın şəkildə nəyin göstərilməli olduğunu yenidən nəzərdən keçirməyə vadar etdi” – deyə, baş katib qeyd edib.
Qeyd edək ki, "Elon Musk" tərcümeyi-halı kitabında müəllif Uolter Ayzekson (Walter Isaacson) Maskın keçən il Ukraynanın Krımda Rusiya donanmasına sualtı pilotsuz təyyarə hücumunun qarşısını almaq məqsədilə “Starlink” peyk mühəndislərinə gizli şəkildə şirkətin Krım sahilləri yaxınlığındakı peyk rabitə şəbəkəsini bağlamağı əmr etdiyini yazıb.
Mask sitatlardakı iddiaları təsdiqləyib: “Əgər mən onların istəklərini qəbul etsəydim, “SpaceX” açıq şəkildə böyük bir müharibə və münaqişənin şiddətlənməsinə şərik olardı”.