13 Sentyabr 2023 11:30
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yayımlanan xəritə bu ölkənin Rusiya və Hindistanla mübahisəsinə səbəb olub. Çinin Dövlət Xəritəçəkmə Xidmətinin 2023-cü il xəritəsində Bolşoy Ussuriyski adasını ölkənin ən şərq hissəsi kimi qeyd edib. Xəritə Çinin Təbii Sərvətlər Nazirliyi tərəfindən yayımlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, xəritədə Cənubi Çin dənizinin böyük hissəsi də Çin ərazisi kimi göstərilib:

“Xəritəyə ilk olaraq Hindistanın “Press Trust of India” nəşri diqqət yetirib. 2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünməsinə baxmayaraq, Çin xəritəsində həmin ərazini özünə aid edib. Halbuki Bolşoy Ussuriyski adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriyski kəndi Xabarovsk şəhərinin hüdudlarına daxildir.

Çinin Rusiya adasının hamısına iddiası Moskvada geniş rezonansa səbəb olmayıb. Görünür, Moskvanın indiki həssas məqamda Pekinlə tərəfdaşlığa ehtiyac duyması xəritə məsələsini şişirtməməyi diktə edir. Halbuki rusiyalı ekspertlər arasında Çinin Rusiyanın Sibir bölgəsinə olan marağından narazılıq artır.

Hindistan isə xəritəyə seyirçi qalmayıb. Xəritədə Hindistanın Arunaçal-Pradeş əyaləti və sərhəd bölgəsi Aksay Çinə daxil edilib. Hindistan Xarici İşlər Nazirliyi bununla bağlı Çin etirazını bildirib.

Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar da sərt şəkildə etirazını səsləndirib. O deyib ki, xəritədə Hindistan ərazisinə iddia həmin ərazinin Çin torpağı olması demək deyil. BRİKS təşkilatının CAR-da keçirilən son sammitində xəritə ilə bağlı Hindistan Baş naziri Narendra Modi də Çin lideri Si Cinpinə etirazını çatdırıb”.

Təhlildə vurğulanır ki, Çinlə Hindistan arasında sərhəd gərginliyi onilliklərdir davam edir:

“İki ölkənin Himalay dağlarında demarkasiya edilmiş sərhədin olmaması zaman-zaman qarşıdurmalara səbəb olur. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib. 1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib. 2020-ci ilin mayında iki ölkənin sərhədindəki Ladax bölgəsində ağır toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Danışıqlar nəticəsində gərginlik nisbətən azalsa da, sərhəd məsələsi çözülməmiş qalır. Bəlkə elə buna görə Cinpin Hindistanda keçirilən “Böyük İyirmilər”in toplantısına qatılmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər