Şimali Koreya lideri Kim Çen In rusiyalı həmkarı Vladimir Putini uyğun vaxtda Pxenyana səfərə dəvət edib və buna müsbət cavab alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi CTAK məlumat yayıb.
“Yoldaş Kim Çen In hörmətlə Prezident Putini ona münasib olan istənilən vaxt Koreya Xalq Demokratik Respublikasına səfərə dəvət edib. Prezident dəvəti məmnuniyyətlə qəbul edib, Rusiya-Koreya dostluğunun tarixini və ənənələrini davam etdirməyə hazır olduğunu bir daha bildirib”, - məlumatda deyilir.
Rusiya liderinin Şimali Koreyaya səfərinin dəqiq nə vaxt baş tutacağı hələlik məlum deyil.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hazırda cavab səfəri planlaşdırılmır. Bununla belə, o qeyd edib ki, Rusiya və Şimali Koreya hökumətlərarası komissiya yaratmağı planlaşdırır. Peskov bununla bağlı da ətraflı məlumat verməyib.