16 Sentyabr 2023 22:21
3 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Wall Street Journal” (WSJ) nəşri Rusiyanın Aralıq dənizində təsir dairəsini genişləndirmək üçün bəzi addımlar atdığını yazır.

Teleqraf.com xəbər verir ki, məqalədə Moskvanın NATO-nun “arxa bağça”sı olaraq görülən Aralıq dənizində təsirini artırmaq üçün Rusiya hərbi gəmilərinə Liviyada bir liman açmağa çalışdığı bildirilir.

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov bu məqsədlə Liviyanın şərqinə nəzarət edən qiyamçı qüvvələrin lideri general Xəlifə Haftarla görüşüb.

WSJ-nin iddiasına görə, görüş zamanı Yevkurov Benqazi və ya Tobruk limanlarından birinə giriş icazəsi və uzunmüddətli istifadə hüququ istəyib. Rusiyanın limanın yanacaq tədarükü və döyüş gəmilərinin baxımı üçün istifadə ediləcəyi barədə Haftarı məlumatlandırdığı deyilsə də, Moskvanın limanda hərbi personalının olub-olmayacağı bildirilməyib.

General Haftarın məsələ ilə bağlı Rusiya nümayəndə heyətinə hansı cavab verdiyi məlum deyil.

WSJ yazır ki, diplomatik və hərbi rəsmilərdən ibarət ABŞ nümayəndə heyəti də bu ay Liviyaya səfər etməyi planlaşdırır. İddiaya görə, ABŞ nümayəndə heyəti Haftarla görüşəcək, onu ölkədəki “Vaqner” qüvvələrini çıxarmağa və Liviyadakı rəqib qurumlarla birləşməyə razı salmağa çalışacaq.

Haftarla görüş ABŞ və Rusiyanın Afrikada nüfuz savaşı apardığı vaxta təsadüf edib. Rusiya qitədə təsirini dərinləşdirməklə ABŞ-ı kənarda qoymağa çalışarkən, Vaşinqton Moskvanı təcrid etmək üçün Afrika ölkələrinə təzyiq göstərir ki, Qərb tərəfinə keçsinlər.

Liviyanın mərhum lideri Müəmmar əl-Qəddafi 2008-ci ildə Moskvaya rus gəmiləri üçün limana giriş təklifi etmişdi, amma o vaxt Kreml bunu geri çevirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər