Rusiya mediasında Çeçenistan başçısının səhhəti ilə bağlı uzunmüddətli narahatlıq Kremlin regionda sabitliyin qorunması məsələsində Ramzan Kadırovdan asılılığını göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kadırovun səhhətinin pis olması barədə məlumatı təsdiqləyərkən, Rusiya mənbələri arasında Çeçenistan liderinin komada olması barədə şayiə yayılıb. Bütün bunların fonunda Kadırov sentyabrın 17-də yayımlanan videoda səhhəti ilə bağlı yayılan şayiələri təkzib edib. Bununla belə, şayiələr səngimir.
Kadırovun Çeçenistandakı hakimiyyətinin sabitliyinin pozulması Vladimir Putinin hakimiyyətinə ağır zərbə olacaq. ISW hesab edir ki, Ukraynada müharibənin davam etdiyi vaxtda Çeçenistanda sabitliyin qorunması baxımından Kadırovun öz postunda qalması Putin üçün vacibdir.
Dünən səhər saatlarından Çeçenistan liderinin öldüyü barədə şayiələr yayılmağa başlayıb. Çeçen hüquq müdafiəçisi Abubakar Yanqulbayev Kadırovun ölümü ilə bağlı məlumat verib. Cavab olaraq Kadırovun Teleqram kanalında video yayımlanıb. Çeçenistan lideri videoada məlumatları təkzib edib.
Çeçenistan liderinin uzun müddətdir ictimaiyyət önündə çıxış etməməsi də müzakirə mövzusuna çevrilib.