“Çeçenistan lideri Ramzan Kadırov ölməsə də, vəziyyəti ağırdır. Kreml Çeçenistanın taleyini həll edərkən onun ölümünü cəmi bir neçə gün gizlədə biləcək”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Olqa Kurnosova deyib.
Onun sözlərinə görə, Kadırov Çeçenistandakı vəziyyətə tam nəzarət edir, amma onun bilinən varisi yoxdur, oğlu onun yerini tuta bilməyəcək.
“Kadırovun ölümü Putindən çox müharibə tərəfini zəiflədəcək, eyni zamanda, Çeçenistanda vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Regionlarda vəziyyət nə qədər alovlanarsa, Moskva üçün bunun öhdəsindən gəlmək bir o qədər çətinləşəcək. Bütün bunlar rus qüvvələrini cəbhədən yayındıracaq”, - Kurnosova vurğulayıb.
Siyasətçi qeyd edib ki, Kadırovun ölümü ilə hazırda “kadırovçular”dan ehtiyatlanan Dağıstanda vəziyyət daha da pisləşə bilər. Onun fikrincə, yerli hakimiyyət vəziyyətə tam nəzarət edə bilmir.
“Bu mənada bütün Şimali Qafqaz alovlana bilər. Burada vəziyyəti kimin sakitləşdirəcəyi məlum deyil, çünki rus qoşunları indi cəbhədədir. Milli Qvardiya (Rosqvardiya) isə bu iğtişaşların öhdəsindən gələ bilməyəcək”, - Kurnosova əlavə edib.