18 Sentyabr 2023 12:41
3 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə yanaşı Braziliya, Hindistan, Yaponiya, Almaniya kimi ölkələr də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddialıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyə liderinin BMT Təhlükəsizlik Şurası ilə bağlı təklifini şərh edib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdadır, o amerikalı iş adamları və müxtəlif dövlətlərin liderləriylə görüşlərə başlayıb. Ancaq Ərdoğanın Nyu-Yorka səfərinin əsas məqsədi bu həftə BMT Baş Assambleyasındakı çıxışı olacaq. Böyük ehtimalla Ərdoğan çıxışında yenə “dünya beşdən böyükdür” tezisini təkrarlayacaq. Türkiyə lideri BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını istəyir.

Türkiyə ilə yanaşı Braziliya, Hindistan, Yaponiya, Almaniya kimi ölkələr də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddialıdır. 60 il ərzində BMT-də struktur dəyişikliyi həyata keçirilməyib. Halbuki dünya çox dəyişib, Afrika, Cənubi Amerika və Asiyanın böyük hissəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə təmsil olunmur.

Ərdoğanın çağırışına müsbət yanaşma var. Daimi üzvlərin hamısı, o cümlədən ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin sıralarının genişlənməsinin əleyhinə deyil. Ancaq Rusiya və Çin üzvlüyə Qərb ölkələrinin, o cümlədən Almaniya və Yaponiyanın namizədliklərinin əleyhinədir. Pekinin Hindistanın daimi üzvlüyünə də müsbət yanaşdığını söyləmək çətindir. Halbuki Hindistan əhalisinin sayına görə Çini üstələyib. Hindistanın namizədliyini ABŞ da dəstəkləyir.

Beləliklə, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını hamı istəsə də, namizədlər məsələsində ciddi fikir ayrılığı var. Bu səbəbdən də hazırki daimi üzvlərin yeni üzvlərlə bağlı yekdil qərar verəcəyi çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər