Rusiya qoşunları Andriyivka və Robotin yaxınlığında itirdikləri mövqelərini bərpa etməyə çalışır, Klişçivka və Marin istiqamətində hücuma keçiblər.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində cəbhədə 30-dan çox toqquşma baş verdiyini açıqlayıb.
Ukrayna ordusu şərq və cənubda müdafiəni, Melitopol və Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir. Baş Qərargah işğal edilmiş ərazilərin addım-addım azad olunduğunu, Ukrayna qüvvələrinin ələ keçirilmiş mövqelərdə möhkəmləndiyini bildirir.
Ukrayna qüvvələri Baxmut istiqamətində Klişçivkada rus ordusunun hücumunun qarşısını alıb.
“Düşmən Andriyevkada itirilmiş mövqelərini bərpa etməyə çalışsa da, bu səyləri uğursuz alınıb. Müdafiə qüvvələrimiz Baxmut şəhərinin cənubunda hücumlarını davam etdirir, düşmənə ciddi itkilər verir, azad edilmiş sərhədlərdə möhkəmlənir”, - Baş Qərargahın məlumatında deyilir.
Rusiya qoşunlarının Marin istiqamətindəki hücumları da dəf edilib. Ruslar son sutka ərzində Ukrayna ordusunu tutduğu mövqelərdən çıxarmaq üçün 10-dan çox uğursuz cəhd göstərib. Eyni zamanda, ukraynalı hərbçilər Avdiv və Şaxtyor istiqamətlərində də təşəbbüsü əlində saxlayır, qarşı tərəfə təzyiq göstərir, əraziləri tədricən azad edir.
Rusiya qoşunlarının Melitopol istiqamətində itirilmiş mövqelərini geri almaq cəhdləri də uğursuzluqla bitib.