21 Sentyabr 2023 14:49
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədin Çinə səfəri başlayıb. Bu, Suriya diktatorunun 20 ildən sonra Çinə ikinci səfəridir. Əsəd sonuncu dəfə 2004-cü ildə Çinin o zamankı lideri Hu Jintao ilə görüşmək üçün Pekinə səfər etmişdi. Əsəd Suriyada müharibənin başladığı 2011-ci ildən bəri Rusiya və İran xaricində başqa ölkələrə səfər edə bilmirdi, onu dəvət edən də yox idi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Əsəd 19-cu Asiya Oyunlarının açılışına qatılmaq üçün Çinə gəlib:

“İdman tədbiri bəhanədir. Əsəd Çin lideri Si Cinpinlə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək. Bu sammitdə iştirak Əsəd üçün vacibdir.

Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub. Suriyada vətəndaş müharibəsi zamanı yüzminlərlə mülki insan həlak olub, ordu parçalanıb, terrorçu qruplaşmalar bir-birləriylə savaşıblar.

Suriya böyük dövlətlərin maraqlarının kəşişdiyi məkana çevrilmişdi. Çin Suriyadakı proseslərə qarışmırdı. Əsas oyunçular Rusiya, İran, Türkiyə, ABŞ və bir qisim ərəb ölkəsi idi.

Əsəd Rusiyanın dəstəyi sayəsində ərazilərin böyük hissəsində nəzarəti bərpa edə bilib. Doğurudur, silahlı kürd və bir qisim fərqli yaraqlı qruplar ölkənin ərazisinin bir hissəsinə nəzarət edirlər, ancaq Suriya artıq dünya mediasının baş xəbəri deyil, bölgədə nisbi sakitlik bərpa olunub. Bu, Əsədə imkan verir ki, legitimliyini beynəlxalq aləmdə bərpa etməyə çalışsın”.

Mərkəzin ekspertləri deyirlər ki, Suriya liderinin əsas vəzifəsi ərəb ölkələri ilə keçmiş əlaqələrin bərpasıdır:

“Əsədə maliyyə də lazımdır ki, müharibənin nəticələrini aradan qaldıra bilsin. Ərəb dövlətləri onunla təmaslara razılaşsalar da, Suriyaya yatırım qoymağa tələsməyəcəklər. Əsədə dəstək verən Rusiya və İranın isə dağılmış Suriyanı bərpa edəcək qədər maliyyəsi yoxdur. Əksinə, Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanskiyalar bu ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir, inflyasiya artıb. Buna görə də Əsədin ümidi Çinədir. Pekin müxtəlif ölkələrdə yatırımlar həyata keçirir.

Buna baxmayaraq, Çinin də iqtisadi artımı zəifləyib və maliyyəsini ehtiyatla xərcləmək məcburiyyətindədir. Pekin bəzən təhlükəli bölgələrə də yatırımlar qoyur. Buna misal Çinin Talibanın hakim olduğu Əfqanıstana investisiya yatırmasıdır. Ancaq hələlik Suriyada sabitlik bərpa olunmayıb və vəziyyətin istənilən an dəyişməsi ehtimalı var. Bu səbəbdən Pekin də Suriyaya yatırım qoymağa tələsməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər