BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna münaqişəsini və ABŞ-nin BMT qarşısında götürdüyü öhdəlikləri müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
"Diqqət ənənəvi olaraq ən aktual beynəlxalq problemlərə, habelə Rusiya ilə BMT arasında əməkdaşlığın müxtəlif aspektlərinə yönəlib. Tərəflər Ukrayna münaqişəsini müzakirə ediblər", - deyə bildirilib.
Söhbət zamanı Lavrov BMT-nin Nizamnaməsində təsbit olunmuş qərəzsizlik və bərabərlilik prinsiplərinə əməl edilməsinin vacibliyini vurğulayıb.
Nazir həmçinin bildirib ki, BMT sənədlərində müxtəlif ərazilərə münasibətdə “ikili standartlar”dan istifadə yolverilməzdir.
"BMT-nin müasir reallıqlara uyğunlaşdırılması üçün islahatların aparılması mövzusu ətraflı müzakirə olunub", - Rusiyanın XİN başçısı əlavə edib.
Bundan əlavə, Rusiya xarici işlər naziri baş katibi ABŞ-nin BMT-dəki öhdəliklərini, o cümlədən Rusiya Federasiyasından olan diplomatlara viza verməkdən imtina etməsi barədə məlumatlandırıb.
Quterreşin mətbuat xidməti əlavə edib ki, o, Lavrovla “Gələcək sammiti” və BMT-nin ev sahibi ilə bağlı məsələləri müzakirə ediblər.