Ukrayna Rusiya ərazisində xüsusi hərbi təyyarələrin, habelə bu ölkənin liderləri üçün VİP nəqliyyat vasitələrinin saxlanıldığı xüsusi yerlərə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Söhbət sentyabrın 18-də Moskva vilayətində 2 naməlum diversantın ən azı iki Rusiya təyyarəsini məhv etdiyi Çkalovski aerodromuna hücumdan gedir. Britaniya kəşfiyyatı bildirir ki, son 4 gün ərzində Ukrayna qoşunları Rusiyanın arxa cəbhəsinə intensiv hücumlar həyata keçirib. Krım, Krasnodar və Moskva vilayətində Rusiyanın logistika obyektlərində, aviabazalarında və komanda məntəqələrində partlayışlar barədə məlumatlar var.
“Rusiyanın Qara dəniz donanması yenidən güclü atəş obyektinə çevrilib. Bununla belə, Moskva yaxınlığındakı Çkalovski aviabazasında baş verən partlayışlar, çox güman ki, Rusiya liderləri üçün ciddi strateji problem olacaq”, - məlumatda bildirilir.
Britaniyan MN qeyd edir ki, Çkalovski aviabazasında xüsusi təyinatlı təyyarənin (“İl-20”) zədələnməsi ilə bağlı xəbər onun kəşfiyyat imkanları, eləcə də dəyəri baxımından xüsusilə aktualdır.
Kəşfiyyat məlumatına görə, Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumları Krımda və federasiyada keçirilən xüsusi əməliyyatların uğuru ilə bağlıdır:
“Bu qeyri-adi intensivlik Rusiya və Krımda baş verən hadisələrə reaksiyadır. Cəbhədə vəziyyət nisbətən statik olduğundan hər tərəf rəqibinin strateji dərinliyinə zərbə vurmaqla üstünlük əldə etməyə çalışır”.