İran və İsrail arasında davam edən gərginliklə bağlı molla rejimindən yeni təhdidedici açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaye Nik ölkəsinin İsraili hədəfə almaq “güc”ünə malik olduğunu deyib.
“Açıq şəkildə bəyan edirik ki, bu gün onu birbaşa hədəfə alacaq və İsraili vuracaq “İsraili vuran” adlı raketlərimiz var. Birinci prioriteti İsrail olan “Hacı Qasım” raketlərinə bu adı vermişik”, - sözçü bildirib.
İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İranın bölgədə terrorçu fəaliyyətlərini davam etdiyini açıqlayıb.
“İranın nüvə ambisiyalarına qarşı inandırıcı təhdid təqdim edilməlidir. Mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimdən gələni edəcəm”, - baş nazir vurğulayıb.
Netanyahu beynəlxalq ictimaiyyəti İranın aqressiv davranışlarına biganəlikdə ittiham edib.