Ukrayna hökuməti sabiq prezident Viktor Yanukoviçin varidatını və şəxsi hesablarında olan vəsaiti dövlət nəfinə müsadirə etmək qərarına gəlib. Məhkəmənin qərarın sonra keçmiş dövlət başçısının üzərinə həbs qoyulmuş aktivləri büdcəyə yönəldiləcək.
Teleqraf.com-un TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində yazan daxili işlər naziri Arsen Avakov, eyni zamanda, Ali Radanın müzakirəsinə Ukraynanın keçmiş başçısı üzərində qiyabi məhkəmənin keçirilməsinə “bürokratik əngəlləri aradan götürən” düzəlişlərin çıxarıldığını da vurğulayıb.
Arsen Avakov, həmçinin həbs olunan vəsaitin ümumilikdə Müdafiə Nazirliyinin, XİN-in və Ukrayna milli qvardiyasının illik büdcəsindən çox olduğunu qeyd edib:
“Eks-prezidentin daşınmaz əmlak aktivlərini və kompaniyalardakı payını hesaba almasaq, Ukrayna hüquq mühafizə orqanlarının həbs etdikləri bank hesabındakı pullar və qiymətli kağızlar xaricdə 2 milyard dollar, ölkə daxilində isə 1,8 milyard dollar və 6 milyard qriven təşkil edir”.
Bir qədər əvvəl İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, onun oğlu, həmin dövrdə vəzifədə olmuş Baş nazir və bir neçə nazirin də daxil olduğu hökumətin bəzi nümayəndələri barədə axtarış elan edib.