ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yeni sədri Ben Kardin Türkiyə ilə 20 milyard dollarlıq F-16 təyyarəsi müqaviləsini nəzərdən keçirəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Kardin sələfi Bob Menendezin nəzarət mexanizminin ləğv edilməsinin İsveçin NATO-ya üzv olmasından başqa digər məsələlərə də təsir edəcəyini deyib.
“Mən rəhbərliklə bu məsələlərin bir çoxu barədə danışmalıyam, çünki bu, tək bir məsələ deyil, mən bunu başa düşməliyəm”, - senator qeyd edib.
Kardin çərşənbə günü NATO səfirlərinin görüşündə Türkiyə rəsmiləri ilə İsveçin NATO-ya daxil olmasını müzakirə etdiyini açıqlayıb.
“Onlar bunun gələn ayın birinci yarısında həyata keçiriləcəyini iddia edirlər. Əgər bu, həqiqətən də belədirsə, onda ən azı NATO probleminin həlli var, amma NATO üzvlüyünün özündən kənarda başqa məsələlər də var ki, biz irəlilədikcə bunlar müzakirələrimizin bir hissəsi olmalıdır”, – Kardin əlavə edib.
Ben Kardin bu postda korrupsiyada ittiham olunaraq barəsində cinayət işi açılan Bob Menendezi əvəzləyib. Ermənipərəst Menendez Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da düşmən münasibətilə seçilir. O, uzun müddətdir F-16-ların Türkiyəyə satışına mane olurdu.