Rusiya Silahlı Qüvvələrinin müdafiə xətti Qərbin hesab etdiyindən daha güclü oldu və buna görə də Ukraynanın əks-hücum əməliyyatı yavaş templə davam edir.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin deyib.
Onun fikrincə, kənar müşahidəçilər qısa müddətdə Ukraynanın əks-hücumunun nəticələrinə dair gözləntilərini azaltmalıdır. Radakin hesab edir ki, hazırda faktiki olaraq udmaq üçün həm hərbi, həm də iqtisadi güc tələb edən yorma müharibəsi gedir.
“Ordu döyüşlərdə qalib gəlir, amma adətən müharibələrdə qalib gələn iqtisadiyyat və davamlılıqdır”, - admiral bildirib.
Radakin vurğulayıb ki, Ukrayna ordusunun vəzifəsi səfərbər edilmiş əsgərləri arasında hərbi hazırlığın olmaması, eləcə də həm sovet, həm də Qərb tipli silahların heterogenliyi ilə çətinləşir. Bundan əlavə, o, Kiyevin əks-hücuma başlamaq qərarında gecikdiyinə eyham vurub.
“Əks-hücumun başlanğıcına nəzər salsanız, Ukraynanın daha çox texnika və döyüş sursatı əldə etmək istədiyi məqamlar olub. Sonra pis hava gəldi və bu (əks-hücumun başlanğıcına) təsir etdi. Sonra Rusiya (bacarıqları) ilə bağlı hərbi təhlil aparıldı. Məlum oldu ki, əslində Rusiyanın bəzi müdafiə strukturları düşünüldüyündən daha güclü olub”, - Radakin vurğulayıb.