Bölgədə serb qüvvələrinin əhəmiyyətli cəmləşməsi qeydə alındıqdan sonra ABŞ Serbiyanı Kosovo ilə sərhəddən qoşunlarını çıxarmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
ABŞ kəşfiyyatının məlumatına görə, ötən həftə Kosovonun şimalında baş verən qarşıdurmadan sonra Serbiya Kosovo ilə sərhədinə müasir tanklar və artilleriya yerləşdirib. Bir Kosovo polisinin və üç silahlı serbin öldürüldüyü insident son illərin Kosovoda ən ciddi eskalasiyalarından biri sayılır.
“Kosovo ilə sərhəddə böyük bir serb hərbi kontingentini izləyirik. Bura qabaqcıl serb artilleriyasının, tanklarının və motoatıcı birləşmələrinin görünməmiş yerləşdirilməsi daxildir. Hesab edirik ki, bu, sabitliyi pozan hadisədir. Serbiyanı qüvvələrini bu ərazidən çıxarmağa çağırırıq”, - Kirbi bildirib.
ABŞ rəsmisi vurğulayıb ki, sərhəd yaxınlığında qoşunların yığılması son bir həftə ərzində baş verib, amma onun məqsədi hələ aydın deyil.
ABŞ dövlət katibi Entoni Blinken Serbiya Prezidenti Aleksandar Vuçiçə zəng edərək dərhal gərginliyi azaltmağa və dialoqa qayıtmağa çağırıb.
Rəsmi Belqrad sərhəddə qüvvələrin toplanması faktını birbaşa təkzib etməyib, amma bu kontingentin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə iddiaları rədd edir.
“Qüvvələrimizin ən yüksək döyüş hazırlığına gətirilməsi ilə bağlı yalanı təkzib edirəm, çünki mən belə bir şey imzalamamışam, bu, real deyil. Qoşunlar iki-üç ay əvvəldən oradadır”, - Vuçiç jurnalistlərə deyib.