Kosovo və Serbiya arasında əlaqələr qırılma nöqtəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, Kosovo daxili işlər naziri Xelal Sveçla Serbiyanın ölkəsinin şimalını ilhaq etməyə çalışdığını iddia edib.
Sveçla Serbiya Prezidenti Aleksandr Vuçiçin Kosovonun şimalının ilhaq cəhdində birbaşa iştirak etdiyini deyib.
“Serbiyanın, Vuçiçin Banska kəndinə hücumla bağlılığının hər gün danılmaz faktlarla şahidi oluruq. Bu terror təşkilatının (Kosovonun şimalında hücum edən qruplaşmanın) yalnız bir məqsədi var: Kosovo Respublikasının şimalını ilhaq etmək”, - nazir bildirib.
Onun sözlərinə görə, Kosovonun şimalını ilhaq etmək məqsədinə nail olmaq üçün Serbiyanın qurumları hərbi, maddi-texniki və maliyyə imkanları təşkil ediblər. Nazir bununla bağlı əllərində təkzibedilməz faktların olduğunu söyləyib.
Kosovonun polis rəisi Qazmend Xoça da daxili işlər nazirinin həmin fikrini təkrarlayıb: “Plan Kosovonun şimalını tam ilhaq etməkdən ibarətdir. Əlimizdə olan və hazırda sizinlə bölüşə bilmədiyimiz sənədlərdə bildirilir ki, birinci mərhələdə təkcə Banska və Zveçanın yox, həm də polis bölmələrimizin hücuma məruz qaldığı şimalın ilhaqı, daha sonra isə Serbiyaya aparan sərbəst dəhlizin yaradılması və ölkədə yeni reallığın yaradılması nəzərdə tutulur”.
Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də əsasən serblərin yaşadığı Banskada yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polisin ölməsi ilə yenidən artıb. Bundan sonra Serbiyanın sərhəddəki qüvvələrinin sayını artırması barədə məlumat yayılıb. Eyni zamanda, NATO və ABŞ-ın Kosovodakı sülhməramlılarının sayını artıracağı bildirilib.