Gürcüstan Baş naziri İrakli Qaribaşvili ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerli ofisindən düzgün və şəffaf izahat tələb edib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı USAID-lə bağlı məlum olanların təəssüf doğurduğunu deyib.
“Təəssüf ki, həmin şəxslərin dəvətlə gəldiyi və USAID tərəfindən maliyyələşdirildiyi qeydə alınıb. Bu, əlbəttə, acı bir faktdır. Onların rəsmi izahatlarını gözləyəcəyik. Bizim USAID-lə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığımız var, ona görə də belə faktların baş verməsi təəssüf doğurur”, - Qaribaşvili bildirib.
Bundan əvvəl Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin oktyabr-dekabr aylarında ölkədə iğtişaşlara hazırlıq barədə məlumat verib. Təhlükəsizlik xidmətinin bəyanatına görə, iğtişaşlar xarici ölkələrin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb. Oktyabrın 2-də dərc edilmiş araşdırma məlumatında deyilir ki, Serbiya vətəndaşları Sinişa Saykman, Yelena Stoysiç və Slobodan Jinoviç USAID proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə 25 sentyabr 2023-cü il tarixində Gürcüstana gəliblər.