Ukrayna müharibəsinin Rusiya iqtidsadiyyatına mənfi təsirləri davam edir. Rusiya rublu dəyərdən düşür. Bu arada, Rusiya Avropaya sata bilmədiyi qazı başqa bazarlara yönətlməyə çalışır. Ancaq “Qazprom” şirkətinin imkanları tükənir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri qeyd edirlər ki, “Qazprom” bu il daxili və xarici bazarlara ötən illə müqayisədə 26.5 faiz az qaz nəql edib:
“Şirkət ötən ilin eyni dövründə bazarlara 225.7 milyard kubametr qaz çıxarmışdı. Bu ilin eyni dövrünün göstəricisi 166 milyard kubametrdir. “Qazprom” bu azalmanı siyasi-iqtisadi amillərlə izah edib. Şirkət “siyasi amillər” dedikdə, Avropanın Rusiya qazından imtinasını nəzərdə tutub. Bundan başqa, 2022-ci ilin qışının nisbətən az soyuq olmasının təsir etdiyi də vurğulanıb. Halbuki Rusiya rəsmiləri və mediası təbliğat aparırdı ki, Avropa donma təhlükəsi yaşayacaq və bu halda Rusiya qazına ehtiyac duyacaq. Avropa donmadı və başqa resurslar hesabına vəziyyətdən çıxdı.
“Qazprom”un ümidi Türkiyə və Çinədir. Türkiyə üzərindən qazın satışı hələ müzakirə dövründə olduğuna görə əsas bazar əvvəlkitək Çin sayılır.
Qaz nəqlinin xaricində Rusiya-Çin iqtisadi münasibətlərində mənfi amillər diqqəti çəkir. CNN kanalının məlumatına görə, Rusiya Çinə təxminən 150 min boş konteyneri geri qaytara bilmir. Çindən Rusiyaya daşınan məhsulların həcmi o qədər çoxdur ki, boşalan konteynerlər sərhəddə ilişib qalıb. Bundan başqa iki ölkə arasında ticarətdə disbalans yaranıb. Çin Rusiyaya müxtəlif məhsulları satır, Rusiyadan isə ancaq xammal alır. Xammalı isə həmin konteynerlərdə geri göndərmək mümkün deyil”.
Analizdə vurğulanır ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcminin 155 milyard dollara çatmasına baxmayaraq, Çinin ixrac gücünün azalması diqqət mərkəzindədir:
“Bütün hallarda Rusiya Ukrayna müharibəsinə görə Çin məhsullarına möhtac qalıb. Rusiyanın Avropa ölkələri ilə ticarət mübadiləsi dayanıb. Rusiya özünə lazım olan məhsulları Çindən almağa çalışır. Çin Rusiyanın maşın bazarında önəmli rol oynamağa başlayıb. Rusiya Çində istehsal olunan maşınları alır. Çinin avtomobil istehsal edən müəssisələri Rusiyada kütləvi şəkildə ticarət mərkəzləri açırlar. Bunun hesabına Çinin “Chery” avtomobil şirkətinin gəlirləri dəfələrlə artıb, xarici bazarlarda, o cümlədən Rusiyada 450 min nəqliyyat vasitəsi satıb.
Rəqəmlər artsa da, Rusiya istehlakçıları məmnun deyil. Çünki Ukrayna müharibəsinə qədər Rusiya vətəndaşları Avropanın modern nəqliyyat vasitələrini almaq imkanına malik idilər. İndi isə ya keyfiyyətsiz yerli maşınlar almalı, ya da Çindən gətirilən nəqliyyat vasitələrinə üstünlük verməlidirlər”.