ABŞ və Rusiyanın keçmiş prezidentləri Bill Klinton və Boris Yeltsin arasında danışıqların stenoqramı məxfilikdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, məlumat məxfilikdən çıxarılan informasiyaları toplayan ABŞ Milli Təhlükəsizlik Arxivinin (QHT) saytında dərc edilib.
Qeyd olunur ki, iki lider arasında telefon danışığı oktyabr qiyamından sonra – ayın 5-də baş tutub. Klinton Yeltsini 1993-cü il konstitusiya böhranının həllinə görə təbrik edib.
“Siz hər şeyi tam olaraq etməli olduğunuz kimi etdiniz və bu yolda sizi təbrik edirəm”, - Amerika lideri bildirib.
Klinton Yeltsinin qarşıdan gələn seçkilərlə bağlı planları barədə də soruşub.
“Sənədlər göstərir ki, Klinton administrasiyası Yeltsinə alternativ görmür və nə olur-olsun onu dəstəkləməyə hazırdır”, – axivin saytında deyilir.
1993-cü il oktyabrın 3-də Ruslan Xasbulatov və Aleksandr Rutskoyun başçılıq etdiyi Rusiya Ali Şurasının üzvləri ilə Prezident Boris Yeltsinin tərəfdarları arasında silahlı qarşıdurma baş verib. Olaylar zamanı etirazçılar Moskva meriyasını ələ keçirərək, Ostankinoya soxulmağa cəhd ediblər. Buna cavab olaraq, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları hərəkətə keçərək, qiyamı yatırıb.