İranın sabiq prezidenti Mahmud Əhmədinejadın Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında pasportu müsadirə edilərək, ölkədən çıxmasına icazə verilməyib.
Teleqraf.com xəbər verir ki, su ehtiyatlarının idarə olunmasına dair beynəlxalq simpoziumda iştirak etmək üçün Qvatemalaya getmək istəyən Əhmədinejadın kəşfiyyat tərəfindən dayandırıldığı bildirilib.
İranın “İttilaat” qəzeti beynəlxalq sanksiyalar və Qvatemaladakı qeyri-sabit siyasi və təhlükəsizlik durumu səbəbindən həbs olunma ehtimalına görə kəşfiyyatın Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etdiyini, bunun ardınca səfərinin ləğv edildiyini yazıb.
ABŞ Prezidenti Co Bayden sentyabrın 18-də İranda Amerika vətəndaşlarının qanunsuz həbsində rol oynadıqları üçün Əhmədinejad və İran Kəşfiyyat Nazirliyini (ETTELAAT) sanksiyalar siyahısına saldığını açıqlayıb.
Əhmədinejad 2005-2013-cü illərdə iki müddət İran prezidenti olub. ABŞ hökuməti 2007-ci ildə İranda itkin düşdüyü bildirilən Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinsona görə o vaxtkı prezident Əhmədinejadı və Kəşfiyyat Nazirliyini ittiham etmişdi.