13 May 2014 13:45
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin dayısı oğlu, jurnalist, İranda ən böyük tələbə təşkilatı sayılan Vəhdəti Möhkəmləndirən Qurumun Mərkəzi Şurasının keçmiş üzvü Siracəddin Mirdamadi tutulub.

“Media forum” saytı xəbər verir ki, Siracəddin Mirdamadi 2009-cu ildə İranda keçirilən prezident seçkisi zamanı müxalif lider Mirhüseyn Musəvinin başçılığı ilə formalaşmış “yaşıl hərəkat”ın tərəfdarlarından olub. Seçkinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra o, ailəsi ilə birlikdə Fransaya mühacirət edib.

Xaricdə yaşadığı vaxt müxalif iranlıların idarə etdiyi bir neçə media orqanı, o sıradan “Radiozəmaneh” radiostansiyası və “Rəsa” televiziyası ilə əməkdaşlıq edib, onlara müsahibələr verib.

2003-cü ildə Həsən Ruhani prezident seçiləndən sonra, həmin ilin avqust ayında Siracəddin Mirdamadi İrana qayıdıb. Tehran aeroportunda onun pasportu əlindən alınıb, özü azadlıqda qalsa da, aylarla İran Kəşfiyyat Nazirliyində (ETTELAAT) və İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) təhlükəsizlik məsələləri ilə bağlı şöbələrində dindirilib.

2014-cü ilin may ayının 10-da Siracəddin Mirdamadi ifadə vermək üçün prokurorluğa çağırılıb. Burada o, həbs edilərək Tehranın Evin zindanına aparılıb.

“Media forum” saytı xəbər verir ki, jurnalistin həbsi barədə xəbəri onun həyat yoldaşı Fatimə Musəvi “Facebook” səhifəsində yazıb.

Siracəddin Mirdamadinin qardaşı Sədra Mirdamadi mediaya açıqlamasında deyib ki, qardaşı sistemə qarşı təbliğat aparmaqda, ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz toplantılara qatılmaqda və hakimiyyəti devirməyə cəhddə günahlandırılır. Qardaşının sözlərinə görə, Siracəddin bu ittihamları rədd edir, sadəcə olaraq hakimiyyətin tənqidçisi olduğunu vurğulayır.


Müəllif: