Ermənistan paytaxtında Rusiya səfirliyi qarşısına toplaşan etirazçılar Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan Rusiya əsgərinin Ermənistana təhvil verilməsini tələb ediblər.
Teleqraf.com news.am-aistinadən xəbər verir ki, bundan əvvəl Ermənistan rəsmiləri Gümrü bazasında saxlanılan Valeri Permyakovun işinin Ermənistan prokuroluğu tərəfindən araşdırılacağını və onun Ermənistan ərazisində məsuliyyətə cəlb olunacağını barədə daha əvvəl səslənən bəyanatı təkzib ediblər.
Valeri Permyakov bazar ertəsi İrəvandan 120 kilometr aralıqda yerləşən Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü öldürməkdə ittiham olunur. Olaydan bir gün keçmiş Gümrü şəhəri yaxınlğındakı 102 saylı Rusiya hərbi bazasında xidmət edən əsgər Ermənistan-Türkiyə sərhəddini keçməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən yaxalanıb.
Hazırda Permyakov Rusiya hərbi bazasının ərazisində saxlanılır. Ermənistan polisinin məlumatına görə o, Gümrü şəhərindəki hadisə ilə bağlı günahını boynuna alıb.
Ötən gün Rusiya hərbi bazasında Rusiya nümayəndələri ilə görüşlərdən sonra Ermənistanın Baş Prokurorluğu Valeri Permyakovun Ermənistana təhvil verilməyəcəyini bəyan edib: “Şübhəli bilinən şəxs Valeri Permyakov Rusiya Federasiyası vətəndaşıdır və hazırda RF hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bu isə, onun faktiki Rusiya qanunvericiliyinin tabeliyində olması deməkdir. Rusiya Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndinə əsasən, ölkə vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz, bunun əsasında Permyakovun Ermənistan hüquq-mühafizəçilərinə ötürülməsi məsələsi müzakirə olunmur”.
Ermənistan və Rusiya prokurorluqlarının bəyanatında günahkarların cəzalandırılmasının labüdlüyü vurğulanılır. Lakin Ermənistanda geniş reaksiya doğuran hadisədən sonra şübhəli bilinən hərbçinin Ermənistana təhvil verilməsi barədə çağırışlar səslənməkdədir.
Bu gün belə bir tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyasına qatılan fəallar Rusiya bazasının rəhbərliyini məsuliyyətə cəlb olunmasını tələb ediblər. Tanınmış vəkil Yervand Varosyan hesab edir ki, erməni ailəsinin qətlə yetirilməsi işi Ermənistanda baxılmalıdır.
Qeyd edək ki, Ermənistanla Rusiya arasında sazişin 4-cü və 5-ci maddələrinə əsasən, hərbi baza ərazisindən kənarda törədilən cinayət işini Ermənistan tərəfi araşdırmalıdır, yalnız baza daxilində hərbçi və ya onun ailə üzvünə qarşı cinayətlər işi istisna olaraq, Rusiya rqanlarına verilə bilər.
Samir