Türkiyə hakimiyyəti Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən İrandan qaçqın axınının olması ilə bağlı xəbərləri təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Sosial şəbəkələrdə Qəzza zolağında baş verənlərlə bağlı İrandan Türkiyəyə qaçqın axınının getdiyi iddia edilən Van Saray Kapıköy sərhəd-keçid məntəqəsində izdiham yarandığı barədə məlumat yayılmışdı.
Mərkəz yayımlanan fotoların 2023-cü il oktyabrın 3-də İranın Razi sərhəd-keçid məntəqəsində çəkildiyinə aydınlıq gətirib.
“Oktyabrın ilk həftəsində İran vətəndaşları İranda 4 günlük dövlət tətili ilə əlaqədar turizm məqsədi ilə Türkiyəyə gəliblər”, - departament qeyd edib.
Onlar əlavə ediblər ki, Kapıköy sərhəd-keçid məntəqəsində Qəzza zolağında baş verən hadisələrlə bağlı heç bir sıxlıq yoxdur.