İran İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin açıqlamasında bildirilib.
“Fələstin müqavimətinin qəbul etdiyi qərarlar müstəqildir və bu, Fələstin xalqının legitim maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, amma onun cavab tədbirlərində iştirak etmirik. Bu, Fələstinin öz qərarıdır”, - açıqlamada deyilir.
Nümayəndəlik həmçinin iddia edir ki, İranın İsrailə hücumda iştirakı ilə bağlı xəbərlər yalandır.
Bundan əvvəl ABŞ-ın “The Wall Street Journal” qəzeti İranın HƏMAS-a İsrailə hücumu planlaşdırmağa kömək etdiyini iddia edən məqalə dərc edib. Həmin iddiaya görə, qərar Beyrutda İran, “Hizbullah” və HƏMAS nümayəndələri ilə keçirilən toplantıda verilib.