“Qəzzada Fələstin xalqına qarşı soyqırımı başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
Venesuela lideri İsraili bundan əvvəl də dəfələrlə Qəzzada “qırğınlar törətmək”də ittiham edib:
“Qəzzada dinc əhalinin yaşadığı binalar fərq qoymadan vurulur, hər yer bombalanır, qadınlar və uşaqlar hər gün ölür. Mən dünyadakı bütün müsəlman qardaşlarıma, xristianlara və yəhudilərə səslənirəm, gəlin BMT-ni dərhal atəşkəsə çağıraq”.
Maduro sülh danışıqlarının mümkün qədər tez başlamalı olduğunu və BMT qətnamələrinə hörmətlə yanaşan müstəqil və suveren Fələstin dövlətinin qurulmasının vacibliyini bildirib.
Fələstin xalqını hər zaman müdafiə edəcəklərini söyləyən Maduro Fələstin başçısı Mahmud Abbasın ikidövlətli həll çağırışını da dəstəklədiklərini vurğulayıb.
Venesuela lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail və Fələstinlə bağlı açıqlamalarını da dəstəkləyib:
“Prezident Rəcəb Tayyib Ərdoğanla tamamilə razıyam. Son dərəcə sağlam sözlər işlədir. BMT qərarlarına hörmət edən ədalətli və tam sülh təmin edilməlidir. İnanıram ki, Ərdoğan lider olaraq bu vəziyyətə müdaxilə edə, atəşkəsin əldə olunmasını təmin edə və ədalətli sülhə təşəbbüs göstərə bilər”.