10 Oktyabr 2023 23:59
30 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail - HƏMAS qarşıdurması Zəngəzur dəhlizinin perspektivini artırır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran üzərindən dəmir və avtomobil yollarının açılacağını xatırladıb:

“Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyilsə, Azərbaycan heç maraqlı deyil. Bizim üçün yol qəhət deyil. Ermənistan bununla yenə də regional layihələrdən kənarda qalacaq. Görünən budur ki, İran öz maraqları naminə Ermənistanı kənarda saxlamağa çalışır. Halbuki Ermənistan bunu anlasaydı, iradə ortaya qoyub çoxdan dəhlizin açılması ilə razılaşmışdı. Azərbaycana qarşı pataloji nifrəti və Tehran mollalarının hiyləsi onu bundan çəkindirir.

Rusiya və İranla bağlı məsələ aydındır, Tehran tərəddüd içindədir, Moskva istəyir, ABŞ isə həmişə Zəngəzur dəhlizinin əleyhinə olub. İstər Ermənistandan keçsin, istərsə də İrandan – ABŞ üçün fərqi yoxdur. Çünki bu xətt Çinin “Bir Kəmər, Bir Yol” projesinə daxildir, Avropa ilə Asiyanı birləşdirən quru arteriyasıdır. Ona görə də ABŞ Orta Dəhlizə isti baxmır. Vaşinqton buna alternativ olaraq Hindistan-Yaxın Şərq-Avropa dəhlizinə maraq göstərirdi. Bununla bağlı anlaşma ötən ay Dehlidə imzalanıb. Amma İsraildəki son gəlişmələr, Səudiyyə Ərəbistanı - İsrail əlaqələrinin yenidən pozulması bu dəhlizin perspektivinin üstündən xətt çəkdi. Gözlər yenidən Zəngəzur dəhlizində olacaq”.

Məhəmməd Əsədullazadə hesab edir ki, planı pozulan Hindistanın da Zəngəzura marağı artacaq:

“Bu baxımdan, qarşıdakı dövrdə Hindistanın Ermənistana dəstəyinin zəifləməsini gözləmək olar. Orta Dəhlizin əsas keçidlərindən olan Azərbaycanın rolu isə artacaq. Ermənistan yenə çıxılmaz duruma düşür, amma seçiminin olduğunu da düşünmürəm. Tehran mollaları İrəvanı uzun müddət bundan kənarda saxlaya bilməyəcək. Çünki dəhlizin açılmasını istəyənlər ondan daha güclüdür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər