11 Oktyabr 2023 09:50
2 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-İsrail qarşıdurmasının mütəmadi xarakter daşımasına baxmayaraq, bu dəfə baş verənlər dünya gündəmi olmaqla yanaşı, həm də əvvəlkilərdən qat-qat ciddi rezonans doğurdu. Bu da səbəbsiz deyil. Səbəblər çox olsa da, əsas səbəb hazırda davam edən qarşıdurmanın əvvəlki sxemindən kənara çıxmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert qeyd edib ki, HƏMAS-İsrail qarşıdurmalarının “ənənəvi sxemi” isə təxminən aşağıdakı kimidir:

HƏMAS İsrail ərazisini raket atəşinə tutur, İsrail aviasiyası isə buna cavab olaraq Qəzza bölgəsini bombardman edir. HƏMAS-ın atdığı raketlərin səmərəliliyi az olsa da, İsrail bombardmanları hər dəfə yüzlərlə silhalının və dinc sakinin həyatına son qoyub. Belə qarşıdurmalar 2006, 2008, 2012, 2014 və 2021-ci illərdə baş verib. Bunlardan ən qanlısı (2014) 40 günədək davam etmiş, nəticədə 2 000-dən Qəzza sakini həlak olmuş, 7 000-dək ev dağıdılmışdı.

Bu dəfə isə HƏMAS təkcə İsraili raket atəşinə tutmaqla kifayətlənməyərək, ölkənin daxilinə də müdaxilə etdi.

HƏMAS silahlılarının ciddi mühafizə olunan Qəzza-İsrail səddini necə keçməsi barədə çoxsaylı mülahizə və versiyalar olsa da, bir məqam aydındır: raket hücumu ilə sinxron havadan, sudan və qurudan hücuma keçən HƏMAS-ın əsas məqsədi nəzərdə tutulmuş əməliyyatı ən qısa zamanda həyata keçirmək olub. Məhdud resurslara və logistik imkanlara malik olan, əksər parametrlər üzrə nizami ordu sayıla bilməyəcək HƏMAS bundan artığına iddia edə də bilməzdi. Görünür, əməliyyatın əsas hədəfinə çatması üçün də elə bunlar kifayət edirdi. Əlbəttə, həm də hücum əməliyyatının yüksək dəqiqliklə hazırlanaraq həyata keçirilməsi...

HƏMAS liderləri sərəncamlarında olan resurslarla böyük uğura imza ata biləcəklərini düşünmürdü. Buna heç ehtiyac da yox idi, çünki hücumun əsas məqsədi Yaxın Şərqdə sabitliyi pozaraq müharibə təhdidi yaratmaq (1), İsrailin müdafiəsində olan zəiflikləri nümayiş etdirmək (2), Fələstin məsələsini yenidən gündəmə gətirmək(3) idi”.

İki və üçüncü məqsədlərin HƏMAS-ın qarşısına qoyduğu vəzifələrə aid olduğunu qəbul etməklə yanaşı, birinci məqsədin onun fəaliyyət planında olmadığını görmək də çətin deyil. Elə əməliyyatın hazırlıq və reallaşdırma səviyyəsi də HƏMAS-ın qanlı hücumunun arxasında güclü dövlətlərin və ya onlardan birinin dayanmasına işarə edir”.

Ərəstun Oruclu bildirib ki, bunun digər bir əlaməti də hücumun dinc əhali arasında çoxsaylı itkilərlə həyata keçirilməsidir:

“Deməli, baş verənlərin dünyada ciddi rezonans doğurması da sifarişçinin planına daxil olub. Qaranlıq məqamlardan biri və ən əsası isə həmin sifarişçinin kimliyidir ki, burda da mənbələrin göstərdiyi ünvanlar müxtəlifdir. Bir məqamı da qeyd etmək lazımdır ki, hücum əməliyyatının qəddarlıqla həyata keçirilməsi həm də HƏMAS-ın marağında olub. Bu şəkildə keçirilən hücum əməliyyatı İsrailin davamlı olaraq ərəb torpaqlarında məskunlaşdırıdığı əhaliyə təhlükəsiz şəraitdə yaşaya bilməyəcəyini nümayiş etdirmək idi. Amma Yaxın Şərqdə qarşıdurmaların olacağı əvvəldən də hər kəsə bəlli idi. Xüsusilə də Dehlidə keçirilən G-20 sammiti zamanı Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi (IMEC) haqda niyyət memorandumu imzalandıqdan sonra.

Aydındır ki, belə bir layihənin reallaşması əvvəllər nəzərdə tutulmuş nə Şərq-Qərb və nə də Şimal-Cənub dəhizlərinin yaradılmasında maraqlı olan tərəfləri qane edə bilərdi. Yəqin elə həmin səbəbdən də imzalama ərəfəsində və ondan sonra Yaxın Şərqdə, habelə Şərqi Aralıq dənizi hövzəsində hərbi gücün artırılması müşahidə olunurdu.

HƏMAS-ın hücumunun ilk günündə bunun arxasında hansı ölkənin dayandığı barədə ehtimallarda daha çox İranın adı çəkilsə də, son iki gündə elə İsrail ekspertləri tərəfindən eyhamların ünvanı İrandan yan keçərək daha çox şimala (Rusiya) yönəlməyə başlayır. Bəzi ekspertlər isə əməliyyatın kiber komponentinin İranın imkanları çərçivəsində olmadığını qeyd edirlər. Belə mülahizələrə rəvac verən məqamlardan biri də Rusiya rəsmiləri və Kremlin təbliğatının sərgilədiyi müəmmalı mövqedir.

Rusiya təbliğatının baş verənlərdə ABŞ və NATO-nu günahlandırması, HƏMAS-a bəzən sətiraltı, bəzən də açıq simpatiya ifadə etməsi də həmin mülahizələrə yol açır.

Hadisə baş verən gün ABŞ Prezidenti Baydenin Konqresdən Ukraynaya yardım üçün 100 milyard dollar istəməsi və dövlət katibi Blinkenin “hadisənin arxasında İranın dayanması barədə faktların olmaması” bəyanatı da belə mülahizələrin güclənməsinə xidmət etdi. Görünür, sonuncu bəyanat həm də Netanyahu hökumətinə ABŞ-ın indiki mərhələdə İsrailin İrana qarşı atacağı hər hansı addımı dəstəkləyə bilməcəyi mesajıdır. Vaşinqtonun Təl-Əvivdən fərqli olaraq, ilanın quyruğunu tapdalamaqdansa daha çox onun başını əzməkdə maraqlı olduğu görünür”.

Politoloq vurğulayıb ki, indiki məqamda İrana qarşı başladılacaq istənilən hərbi əməliyyat Rusiyanın Yaxın Şərqə hərbi müdaxiləsinə yol aça bilər:

“Odur ki, ABŞ Rusiyanı Ukrayna bataqlığında batırmağa davam etməkdə israrlı görünür. İranla arada olan ziddiyyətləri isə bundan sonrakı mərhələdə və nisbətən daha rahat həll etmək olar. Digər tərəfdən, Yaxın Şərqdə başlaya biləcək istənilən böyük müharibə Hindistan-Yaxın Şərq-Avropa dəhlizini doğulmadan dəfn edə bilər. Çünki digər məsələlər bir yana, müharibə təhdidi olan bölgəyə hər hansı investorun yatırım edəcəyi ən yaxşı halda məntiqsizlik olardı. Amma bütün bunlardan israrla qaçmaq istəyi də Yaxın Şərqdə müharibə təhlükəsinin qarşısının alınacağına təminat vermir. Buna səbəb bölgədəki dondurulmuş köhnə və yeni münaqişə ocaqlarıdır ki, onlardan hər biri istənilən zaman detonator rolunu oynaya bilər. Elə son HƏMAS-İsrail qarşıdurması kimi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər