“İraq və Suriyanın şimalından ölkəmizə hücum etməyə hazırlaşan, bölgədəki hərbçilərimizi hədəfə alan terrorçuları nəfəs almağa qoymuruq. Hava əməliyyatları, artilleriya bölmələri, lazım gəldikdə quru qüvvələri ilə həmişə başlarının üstündəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Terror təşkilatı üzvlərini hər yerdə məhv edəcəyimizi göstərdik, bir müddətdir həyata keçirdiyimiz intensiv hava əməliyyatlarını artırmağa davam edəcəyik. Zəruri hallarda quru qüvvələri ilə də başlarının üstünü kəsdirəcəyik.
Terrorçuların tərəfinə keçərək bizə zərər verənlərə cavab verəcəyimizə heç kimin şübhəsi olmasın”, - dövlət başçısı vurğulayıb.
Prezident Ərdoğan terrorçulara dəstək verən AB-a da mesajını verib:
"Ümid edirik ki, Suriyadakı terror təşkilatını dəstəkləyərək Körfəz Müharibəsi dövründəki gündəmlərini davam etdirməyə çalışanlar indi ortaq milli maraqlarımızın tələb etdiyi daha ağıllı siyasətə müraciət edəcəklər. Türkiyə müttəfiqlik münasibəti olan hər bir dövlətin və qurumun hüquqlarına hörmətlə yanaşır. Onlardan da bizim hüquqlarımıza eyni şəkildə hörmət gözləyirik. Bu tarazlığı qurmaq mümkün olmasa, hər kəsin öz siyasətini müəyyən etmək, öz yolunu çəkmək seçimi qanuni hüquqa çevrilir. Biz müttəfiqlərimizlə birlikdə təhlükəsiz, dinc və firavan ümumi gələcəyə doğru addımlamaq istəyirik. Hər kəsin qəbul etməsi vacibdir ki, bu ölkə artıq məcburiyyətlərlə, gizli və ya açıq siyasi oyunlarla, məkrli iqtisadi tələlərlə idarə oluna bilməz”.