12 Oktyabr 2023 10:11
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın Şərqdə çoxsaylı köhnə və yeni münaqişələrin mövcudluğu ən proqmatik yanaşma ortaya qoyulduğu halda da, böyük müharibələrdən yayınmağa tam təminat vermir. Xüsusilə də belə müharibələrin qızışmasında maraqlı tərəflər olduqda. Son HƏMAS-İsrail münaqişəsi buna tipik misal ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə eskalasiyada maraqlı olanlar yetərincədir:

“Həmin maraqlı qüvvələri üç qrupa bölmək olar:

“Birincisi, qlobal güclərdir. Bura IMEC (Hindistan-Yaxın Şərq-Avropa dəhlizi) iqtisadi dəhlizinin yaradılacağı halda qlobal layihələrdən kənarda qalan Rusiya və Çin kimi supergüclər aid edilə bilər.

İkincisi, regional təsir dövlətləridir. Yaxın Şərqdə bunlar ilk növbədə İran, Türkiyə, Pakistan və Əfqanıstandır (təəccüblü görünsə də). Burda qeyd etməliyik ki, məhz Əfqanıstan HƏMAS-ın əməliyyatını açıq dəstəkləyən ölkələrdən biri oldu. Vaxtilə bu ölkədə qalmış ABŞ silahlarının bir qisminin HƏMAS-a verilməsi barədə iddialar da var.

Üçüncüsü, döyüş meydanındakı aktorlardır. Bura Suriyanı, bu ölkədəki müxtəlif silahlı proksi dəstələrini, HƏMAS-ı, “Hizbullah”ı və digərlərini aid etmək olar.

Bu üç qrupdan hər birinə daxil olan tərəflərin avtonom şəkildə fəaliyyət göstərməsi anlamına gəlməməlidir. Əksinə, plan quran birincilərin ikincilər vasitəsilə üçüncülərdən istifadə etməsi daha inandırıcı görünə bilər. Hər üçünü birləşdirən isə ortaq maraqların olmasıdır. Bu mənada, IMEC layihəsi ondan kənarda qalan və ya onun sayəsində mövqelərini itirəcək sadalanan bütün tərəfləri təbii tərəfdaşa çevirir. Belə ki, Çinin qlobal “Bir Yol, Bir Kəmər” layihəsində, həmçinin də Şərq-Qərb dəhlizində İran, Türkiyə, Pakistan və Əfqanıstanın da önəmli rol alacağı nəzərdə tutulur. Digər tərəfdən isə Rusiyanın həyata keçirmək istədiyi Şimal-Cənub dəhlizi İran, Cənubi Qafqaz və bəzi Mərkəzi Asiya ölkələrini əhatə etməlidir”.

Ərəstun Oruclu qeyd edib ki, IMEC isə bütün bu ölkələrə təkcə qlobal oyundan kənar vəziyyətdə qalmaq təhlükəsi yaratmır, həm də Çin üçün iqtisadi (müəyyən mənada həm də hərbi-siyasi), Pakistan üçün isə hərbi-siyasi rəqib olan Hindistana geniş iqtisadi, geosiyasi imkanlar yaradır:

“Bu isə ən azı həmin iki ölkə üçün ekzistensial (mövcudluq) məsələdir. HƏMAS-a, “Hizbullah”a və digər proksi qruplara gəldikdə, yaranmış yeni qlobal reallıq və ondan qaynaqlanan ziddiyyətlər onlara öz mövcudluğunu və təsirini qoruyub saxlamaq üçün əlavə şanslar yaradır. Məsələn, IMEC-ə qoşulan Səudiyyə Ərəbistanı İsraillə tərəfdaşa çevrilirsə, HƏMAS üçün bu, dəstəyin azalması demək olacaq. Eyni şeyi də az da olsa Birləşmiş Ərəb Əmirliklərindən gələn dəstək haqda da demək olar. Suriya üçün Qolan Yüksəkliklərini ilhaq etmiş İsrailin qlobal layihə iştirakçısına çevrilməsi itirilmiş torpaqlarla vidalaşmaq və daim yəhudi dövlətinin təhdidi altında qalmaq anlamına gəlir.

Belə reallıq onların hər üçünə özünü qorumaq üçün “böyüklər”in əlində destabilizasiya alətinə çevrilməkdən başqa seçim buraxmır. Nəticə də aydındır: oktyabrın 7-də vurulan qəfil ağır zərbə əslində İsrailə deyil, onun da təmsil olunduğu qlobal layihəyə yönələn sarsıdıcı zərbə idi. Etiraf etməliyik ki, plan da uğurla baş tutdu.

İndi HƏMAS-ın hücumunu sözün əsl mənasında yuxuda qarşılamış Netanyahu hökuməti ictimai rəydə öz zədələnmiş nüfuzunu bərpa etmək məqsədilə HƏMAS-ın qəddar hücumuna cavab olaraq Qəzzaya aşırı güc tətbiq edir. Halbuki bu, nifrətin artmasından və düşmənçiliyin dərinləşməsindən başqa heç bir nəticə verməyəcək. Amma başqa bir nəticə də mümkündür: HƏMAS-İsrail savaşının böyük regional müharibəyə çevrilməsi. Bunun isə baş verib-verməməsi artıq elə də önəmli deyil, çünki IMEC sarsıdıcı zərbəni artıq aldı. Təsadüfi deyil ki, elə həmin hadisələr fonunda da Rusiya Şimal-Cənub dəhlizinin reallaşması istiqamətində hərəkətə keçir.

Yaxın günlərdə Çinin siyasi-diplomatik fəallığının arta biləcəyi də istisna deyil. Halbuki zamanında bütün bu fəsadlardan qismən də olsa yayınmaq mümkün idi. Məsələn, layihədə Aralıq dənizinə çıxışı olan Qəzza zolağında bir dəniz limanı planlaşdırmaqla Qəzzanı da qlobal IMEC-ə qoşmaq. Eləcə də hansısa bir şəkildə dərin iqtisadi böhran içində boğulan Livana müəyyən təkliflər vermək. Bununla da HƏMAS və “Hizbullah” az da olsa, beynəlxalq inteqrasiyaya cəlb oluna bilərdi. Əlbəttə, bütün bunlar olduqca nəzəridir, amma siyasətdə mümkün olmayan bir şey yoxdur. Əlbəttə, zərgər dəqiqliyi tələb edən siyasəti balta ilə həyata keçirməyəndə”.

Politoloq vurğulayıb ki, istənilən münaqişəyə münasibətdə bir neçə yanaşma mümkündür: münaqişəyə əhəmiyyət verməmək, onu həll etmək və ağırlaşdırmaq:

“Üçüncünün baş verməməsi üçün kompromislər tələb olunur ki, buna da bəzən böyük güclərin aşırı özgüvəni, təkəbbürü, bəzən isə siyasətçilərin cılız eqoizmi yol vermir. Halbuki kompromis ən rasional yoldur, çünki bu yolla getmək savaşdan qaçmağa və ya heç olmasa buna cəhd etməyə imkan verir. Konkret halda isə söhbət döyüş meydanında olan əsgərlə anlaşmadan gedərdi. Bu da son dərəcə vacib idi, çünki əsgərlərdən məhrum edilən generalın qaçmaqdan, təslim olmaqdan və ya intihar etməkdən başqa yolu qalmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər