ABŞ İranı Fələstin-İsrail münaqişəsində ehtiyatlı davranışa sövq etmək üçün Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi və döyüş təyyarələri göndərib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Şərqi Aralıq dənizində Amerika təyyarədaşıyan gəmisini yerləşdirmişik. Bu bölgəyə daha çox döyüşçü göndəririk. İranlılara bildirmişik: ehtiyatlı olun”, - ABŞ prezidenti bildirib.
Bayden HƏMAS-ın İsrailə hücumunu “Holokostdan sonra yəhudilər üçün ən ölümcül günlər və vəhşilik kampaniyası” adlandırıb.
HƏMAS silahlılarının İsrailə hücumundan sonra bunun İranın dəstəyi ilə həyata keçirildiyi barədə məlumatlar yayılmağa başlayıb. “The Wall Street Journal” İranın HƏMAS-a İsrailə hücum təşkil etməyə kömək etdiyini və oktyabrın 2-də Beyrutda keçirilən toplantıda hücuma “yaşıl işıq” yandırıldığını yazıb.