ABŞ Ədliyyə Departamenti Nyu Cersidən olan ermənipərəst senator Robert Menendezə qarşı əlavə ittihamlar irəli sürüb və onu Misir üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.
Bu barədə Teleqraf.com “TASS”a istinadən xəbər verir.
Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində ABŞ Prokurorluğu tərəfindən təqdim edilmiş sənəddə göstərilir ki, ən azı 2018-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər Robert Menendes və Nadine Menendes, həmçinin Vael Hana, digər tanınmış və naməlum şəxslər qəsdən və bilərəkdən əlbir olub və hökumət rəsmisi Robert Menendesin xarici agent kimi fəaliyyətinə razılıq veriblər.
Sentyabrda senatora və onun həyat yoldaşına qarşı Nyu-Cersi ştatından olan üç iş adamı ilə korrupsiya sövdələşmələrində iştirak etməsi və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb.
Prokurorların sözlərinə görə, Menendes Misirin xeyrinə həssas hökumət məlumatlarını təqdim edib və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təzyiq göstərib.
Qeyd olunub ki, xüsusilə, o, Misirə hərbi satış və yardımla bağlı icra qərarlarına təsir göstərə bilərdi.