13 Oktyabr 2023 11:44
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada nə neqativ hadisə baş verirsə, keçmiş ABŞ prezidenti Donald Tramp bunda Ağ Evin hazırki sahibi Co Bayden və administrasiyasını günahlandırır. Tramp növbəti dəfə prezident seçkisinə hazırlaşdığına görə Ağ Evi istənilən mövzuda tənqid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Təhlildə vurğulanır ki, Tramp HƏMAS qruplaşmasının İsrailə hücumunu ABŞ-ın zəifliyi kimi qiymətləndirib:

“O hesab edir ki, İsrailə hücum dünyada ABŞ-ın gücünə inam azaldığına görə olub. “Bizi zəif kimi görməyə başlayıblar” deyən Tramp ölkəsinin liderinin zəif olduğunu xatırladıb. Tramp bildirib ki, prezident seçkisində qələbə qazansa, İsrailə dəstəyini artıracaq, Fələstinə isə heç bir dəstək verməyəcək.

Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fərqli mövqeyə malikdir. Onun fikrincə, ABŞ Ukraynaya dəstəkdən imtina etməlidir. Trampa görə, Ukraynaya dəstək Avropa İttifaqının dəstəyi qədər olmalıdır. “Niyə zəif Prezident Co Bayden Avropanı Ukraynaya gərəkən maliyyə ayırmağı məcbur edə bilmir” sualını səsləndirən Tramp Rusiya-Ukrayna müharibəsinin maliyyə yükünün Amerikanın üzərindən götürülməsinin vacibliyini irəli sürüb. Bu o deməkdir ki, Tramp növbəti seçkidə qələbə qazansa, ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı azala bilər. Bu isə Ukraynanı ağır vəziyyətə sürükləyə bilər. Ona görə də Ukrayna müharibədə dönüş yaratmaq istəyirsə, bunu Baydenin prezidentlik müddəti bitənə qədər reallaşdırmalıdır.

Tramp Rusiya-Çin ittifaqına görə də Bayden və ondan əvvəlki prezident Barak Obamanın məsuliyyət daşıdığını bildirib. O, Obama və Baydenin yanlış siyasətinin Çin-Rusiya ittifaqına gətirib çıxardığını deyib.

Sitat: “Mən tarixdən bilirəm ki, Çin-Rusiya yaxınlaşmasına imkan verəndə ABŞ-ın problemləri artır. Vaşinqtonun siyasəti Moskva ilə Pekinin yaxınlaşmasınin qarşısını almaq üzərində qurulmalıdır. Rusiya Çinin uzun sərhədi var. Rusiyanın ərazisi böyük, Çininki azdır. Buna görə də bu iki dövlət dost ola bilməz”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Tramp bu məsələdə haqlıdır: Rusiya-Çin ittifaqı ABŞ-a əlavə problemlər yaradıb:

“Moskva və Pekin yalnız ittifaqla kifayətlənmir, beynəlxalq məsələlərdə mövqelərini yaxınlaşdırır. Moskva və Pekinin çoxqütblü dünya yaratması təşəbbüsləri də ABŞ-ın əleyhinədir. Ancaq bu o demək deyil ki, Tramp prezident seçilsə, Çin-Rusiya ittifaqını zəiflədə biləcək. Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi məhdudiyyətlərin təşəbbüskarı olub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər