İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağının şimal hissəsinin boşaldılması əmri bölgədə çaxnaşma və xaosa səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Assosiated Press” (AP) məlumat yayıb.
“Xaosdur, heç kim nə edəcəyini bilmir”, - BMT-nin Qəzzadakı Fələstinli Qaçqınlar üzrə Agentliyinin əməkdaşı İnas Həmdan agentliyə deyib.
Onun sözlərinə görə, Qəzza və şəhərin şimalındakı bütün BMT əməkdaşlarına cənuba, Rəfaha təxliyə əmri verilib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza şəhərindəki sözçüsü Nəbal Fərsah belə qısa müddət ərzində 1 milyondan çox insanın təhlükəsiz şəkildə təxliyə edilməsinin mümkünsüzlüyünü bildirib.
“Yeməyi, elektrik enerjisini, yanacağı unudun. İndi narahat olduğum tək şey salamat qalıb-qalmamaqdır. Xəstələrimizin aqibəti necə olacaq? Yaralılarımız, qocalar, xəstəxanalarda uşaqlar var”, - Fərsah bildirib.
O qeyd edib ki, bir çox həkim xəstəxanaları boşaltmaqdan və xəstələri tərk etməkdən imtina edir. Onun sözlərinə görə, əvəzində həmkarlarına zəng edərək vidalaşıblar.
“Əl-Cəzirə”dən Səfvat al-Kəhlut deyir ki, insanlar hara gedəcəklərini bilmirlər:
“Bir milyondan çox fələstinli panikada, çaşqın, plansız və nə edəcəyini bilmir. Uşaqlar məndən “Hara gedək?” deyə soruşur, “Bilmirəm” deyirəm”.
SAXAL bundan əvvəl 24 saat ərzində 1 milyon 100 min fələstinlinin Qəzzanın cənubuna təxliyə edilməsi əmrini verib.