“PKK/YPG terror təşkilatını dəstəkləməyin heç bir bəhanəsi ola bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər NATO-nun mənzil qərargahında alyansdan olan həmkarları ilə görüşdən sonra deyib.
“İstər öz terrora qarşı mübarizəmizdə, istərsə də regionumuzdakı bütün müharibə və münaqişələrdə mövqeyimiz çox aydındır. Mülki şəxslərə qarşı edilən bütün hərəkətləri və mülki yaşayış məntəqələrini hədəf alan bütün hücumları qınayırıq. Bu məqamda əsas məqsədimiz girovları azad etmək, Qəzzadakı qarşıdurmanın digər cəbhələrə keçməsinin qarşısını almaq və gecikmədən münaqişəyə son qoymaqdır. Sülh danışıqları mümkün qədər tez başlanmalı və beynəlxalq ictimaiyyətin dəstəklədiyi ikidövlətli həll çərçivəsində irəliləyiş əldə edilməlidir. Bu, daimi sülhün yeganə yoludur”, - müdafiə naziri bildirib.
Gülər terrorun bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə apardıqlarını vurğulayıb:
“Biz bunun NATO-nun müdafiə və çəkindirmə məqsədlərinə uyğun olduğunu vurğuladıq. Ankarada baş verən mənfur hadisə kontekstində terror təhlükəsinin azalmadığını, İraq və Suriyadakı durumdan qidalanmağa davam etdiyini vurğuladıq. Fürsətdən istifadə edərək bir daha bəyan edirik ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar və məhdudiyyətlər ittifaqın birlik, həmrəylik və harmoniya prinsipləri ilə bir araya sığmır və bunları dayandırmağa çağırırıq”.
Müdafiə naziri qeyd edib ki, toplantıda PKK/YPG, FETÖ, İŞİD, “Əl-Qaidə” və digər bütün terror təşkilatlarına qarşı sona qədər mübarizə aparmaq əzmində olduqlarını vurğulayıb:
“Terrorun hər növü ilə mübarizədə müttəfiqlərimizdən tam dəstək gözlədiyimizi, PKK/YPG terror təşkilatını dəstəkləmək üçün heç bir bəhanə olmadığını və bunu heç bir halda qəbul edə bilməyəcəyimizi bildirdik. NATO-ya verdiyimiz bütün töhfələrə və dəstəyimizə baxmayaraq, müttəfiqlərimiz tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağımız qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə bizim deyil, həm də NATO-nun təhlükəsizliyinə mənfi təsir göstərir. Türkiyə olaraq keçmişdə də, bu gün də, gələcəkdə də NATO-ya və Avro-Atlantik bölgənin təhlükəsizliyinə önəmli töhfələr verməyə davam edəcəyik”.