14 Oktyabr 2023 22:44
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağı boyunca suyun tükənməsi səbəbindən 2 milyondan çox insanın risk altında olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) komissarı general Filip Lazzarini açıqlama verib.

O bildirib ki, İsrail oktyabrın 8-dən blokada altında olan Qəzzaya su, elektrik, qida və digər əsas xidmətlərin kəsilməsinə qərar verib: “Bir həftədir ki, humanitar yardım materiallarının Qəzzaya çatdırılmasına icazə verilmir. Bu, artıq ölüm-qalım məsələsinə çevrilib. İki milyondan çox insanı su ilə təmin etmək üçün yanacaq daşıyan maşınların Qəzzaya çatması vacibdir. Əks halda, kiçik uşaqlar, qocalar və qadınlar da daxil olmaqla insanlar susuzluqdan ölməyə başlayacaqlar. Humanitar yardımla bağlı mühasirə dərhal dayandırılmalıdır”.

General qeyd edib ki, oktyabrın 11-dən bəri Qəzzada elektrik kəsintisi su təchizatına da təsir edib: “Qəzza zolağında su qurğuları və ictimai su şəbəkələrinin işləməməsi səbəbindən təmiz su tükənib. İnsanlar quyulardan çıxarılan çirkli sudan istifadə etmək məcburiyyətində qalıblar. Bu, su ilə bulaşan xəstəliklər riskini artırır”.

Lazzarini son 12 saatda yüz minlərlə qəzzalı vətəndaşın didərgin düşdüyünü vurğulayıb: “Qəzza zolağının cənub bölgələrinə insanların köçü davam edir. Yalnız bir həftə ərzində Qəzzada 1 milyona yaxın insan didərgin düşüb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər