İran İsrailə xəbərdarlıq edib ki, ordusu Qəzza zolağında quru əməliyyatına başlasa, müharibəyə müdaxilə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” nəşri vəziyyətlə tanış olan iki diplomatik mənbəyə istinadla məlumat yayıb.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərdə HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb. Görüşdən sonra HƏMAS bəyan edib ki, İran fələstinli silahlıların İsrailə hücumunu “tarixi qələbə” kimi qiymətləndirib.
Nəşr yazır ki, görüş zamanı tərəflər HƏMAS-ın məqsədlərinə nail olmaq üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Məqalədə vurğulanır ki, həm HƏMAS, həm də İran rəsmi olaraq xarici siyasətdə əsas prioritetlərinin İsrail dövlətinin məhv edilməsi olduğunu bəyan edirlər.
İran BMT vasitəsilə İsrailə mesaj göndərərək, münaqişənin daha da genişlənməsini istəmədiyini, İsrailin Qəzzada əməliyyatının davam edəcəyi təqdirdə müdaxilə edəcəyini açıqlayıb.
Həmçinin yüksək rütbəli İsrail rəsmisi “Sky News”a İranın Suriyada ikinci cəbhə açmağa çalışdığını deyib. İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, iranlılar Suriyada aktiv şəkildə fəaliyyət göstərirlər, orada silahlar yerləşdirirlər.