Rusiya qüvvələri bir neçə istiqamətdə Ukrayna ordusunun mövqelərinə hücumu davam etdirir, amma məqsədlərinə nail ola bilmirlər. Eyni zamanda, ruslar istiqamətlərdən birində hücum əməliyyatlarını dayandırıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu Kupyan istiqamətində Sinkivka və İvanivka rayonlarında Rusiyanın 15-dən çox hücumunu dəf edib. Gözləntinin əksinə olaraq, Rusiya son sutka ərzində Liman istiqamətində hücum əməliyyatı keçirməyib.
Ukrayna qoşunları Baxmut istiqamətində Klişivka və Andrivka yaşayış məntəqələri ərazisində Rusiya qüvvələrinin 5 hücumunun qarşısını alıb. Ukrayna müdafiə qüvvələri Baxmutun cənubunda hücumlarını davam etdirir.
Rusiya Avdiv istiqamətində aviasiyanın dəstəyi ilə Keramik, Stepov, Tonenk və Severna yaşayış məntəqələri ərazilərinə uğursuz hücumlar həyata keçirib. Bu istiqamətdə 15-dən çox hücum dəf edilib. Marin istiqamətində də eyni sayda nəticəsiz hücum qeydə alınıb.
Şaxtyor istiqamətində isə ukraynalı hərbçilər Priyutnı şəhərinin şimalında yerləşən ərazidə Rusiyanın hücumunu dəf edib.
Rus ordusu Zaporoje istiqamətində Robotində itirilmiş mövqelərini bərpa etməyə 4 dəfə cəhd etsə də, məqsədlərinə nail ola bilməyib.
Melitopol istiqamətinə gəlincə, Ukrayna qoşunlarının hücum əməliyyatı davam edir.