Avropa İttifaqı Ukrayna müharibəsinə görə Moskva ilə dialoq aparmazkən, Pekinlə danışıqları davam etdirir. Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozef Borrel Çinə üçgünlük səfəri zamanı münasibətlərdəki suallara aydınlıq gətirməyə çalışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə vurğulanır ki, buna qədər Borrelin Çinə səfəri iki dəfə təxirə salınıb:
“Birinci dəfə koronavirusla bağlı olub. İkinci dəfə səfərin təxirə salınması Çin xarici işlər naziri Sin Qanın qəfil vəzifəsindən uzaqlaşdırılmasıyla əlaqəli idi.
Borrel Pekində Ukrayna və Yaxın Şərq mövzularını müzakirə edib. Çin xarici işlər naziri Van Yi ilə görüşdükdən sonra 12-ci Çin-Avropa Strateji Dialoq tədbirində iştirak edib. Borrel “South China Morning Post” nəşrinə müsahibəsində Pekinin Avropa siyasətini dəyişməsini istəyib. Məsələ budur ki, Pekin Moskva kimi Avropanın ABŞ-dan asılı olduğu qənaətindədir, yəni “Vaşinqton nə deyirsə Brüssel onu edir”.
Borrel Pekini inandırmağa çalışıb ki, Avropa qərarlarında müstəqildir və Çin hakimiyyəti siyasətində bunu nəzərə almalıdır. Doğrudur, ABŞ-la Avropanın siyasəti Ukrayna müharibəsində üst-üstə düşür. Ancaq Borrel Pekini yenə inandırmağa çalışıb ki, Brüsselin Pekinə yönəlik siyasəti ABŞ-ın təzyiqi altına deyil. Maraqlıdır ki, Borrel Pekini həm tərəfdaş, həm də rəqib adlandırıb. Avropa İttifaqı rəsmisi onu da vurğulayıb ki, rəqiblərin düşmən olması vacib deyil”.
Borrel hər vəchlə Pekini inandırmağa çalışıb ki, Brüsselin Pekinə münasibəti Vaşinqtonun Pekinə münasibətindən daha yaxşı və mülayimdir. Bunu Avropa İttifaqının digər rəsmiləri də açıqlamalarında qeyd ediblər”.
Təhlildə Çin-AB əlaqələri ilə bağlı başqa bir məqama da diqqət çəkilir:
“Global Times” nəşrinin məqaləsində Brüsselin Pekin siyasətinin riskləri ola biləcəyi yazılıb. Nəşr hesab edir ki, Çin sağlam rəqabətin qarşısını alıb. Buna baxmayaraq, Avropa dövlətlərinin bir qismi Çinlə iqtisadi əlaqələrdən imtina etməyib. Siyasi münasibətlərdə isə inamsızlıq var. Məsələn, Brüssel Pekinin Ukrayna müharibəsi məsələsində Moskvaya təsir etməsini istəyir. Pekin isə bunu etmir. Çin Rusiyanın taxıl sazişinə qayıtması üçün də heç nə etməyib.
Pekin Rusiya-Ukrayna müharibəsinin bitməsini istəsə də, savaşın sona çatması və işğala son qoyulması üçün Kremlə təsir etməyib. Halbuki Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Pekin “müharibəni dayandırmaq lazımdır” desə, Kreml dost ölkə saydığı Çinin çağırışını eşidər”.