“Bu, başqa cür müharibə olacaq, çünki HƏMAS başqa cür düşməndir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə görüşündə deyib.
“İsrail mülki itkilərin sayını minimuma endirməyə çalışır, HƏMAS isə bu rəqəmi maksimuma çatdırmaq istəyir. HƏMAS mümkün qədər çox israillini öldürmək istəyir və fələstinlilərin həyatı ilə heç maraqlanmır”, - baş nazir bildirib.
Onun fikrincə, bütün mülki itkilərə görə HƏMAS məsuliyyət daşıyır.
“Dünən bir fələstinli terrorçunun atdığı raket səhvən Fələstin xəstəxanasına düşəndə o dəhşətli müharibə cinayətinin nəticəsini gördük. Bütün dünya haqlı olaraq qəzəblidir, amma qəzəb İsrailə yox, terrorçulara yönəlməlidir”.
Netanyahu xəstəxanada baş verən partlayışa görə İsrailin məsuliyyət daşımadığı fikrini təkrarlayıb. O qeyd edib ki, İsrail dinc əhalinin təhlükəyə məruz qalmaması üçün fəaliyyətini davam etdirəcək və ABŞ-la əməkdaşlıq edəcək.
“Qələbəyə gedən yol uzun və çətin olacaq. Ancaq vahid məqsədlər və dərin ədalət duyğusu ilə İsrail qalib gələcək”, - İsrail baş naziri əlavə edib.