“HƏMAS fələstinlilərdən canlı qalxan kimi istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“HƏMAS və Putin fərqli təhdidlər yaradırlar, amma onların bir ortaq cəhəti var: hər ikisi qonşu demokratiyanı tamamilə məhv etmək istəyir”, - Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, coğrafi baxımdan ABŞ-dan uzaq görünən bu münaqişələrdə İsrail və Ukraynanın uğurları Amerikanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir:
“Tarix göstərir ki, terrorçular və tiranlar cəzasız qalanda daha çox xaos və ölüm gətirirlər. İran Ukraynada Rusiyanı və HƏMAS-ı dəstəkləyir, biz onları məsuliyyətə cəlb edəcəyik.
Buna görə də mən sabah Konqresə Amerikanın milli təhlükəsizliyi üçün vacib tərəfdaşlarımızı, o cümlədən İsrail və Ukraynanı dəstəkləmək ehtiyacını maliyyələşdirmək üçün təcili büdcə sorğusu göndərəcəm. Bu, nəsillərin təhlükəsizliyi üçün öz bəhrəsini verən ağıllı investisiyadır”.
ABŞ prezidenti vurğulayıb ki, HƏMAS Fələstin xalqını təmsil etmir:
“HƏMAS fələstinlilərdən canlı qalxan kimi istifadə edir və bu insanlar ona görə əziyyət çəkir”.
Bayden həmçinin Qəzzada yaşayan insanların humanitar yardıma, qidaya və dərmana ehtiyaclarının olduğunu söyləyib.