22 Oktyabr 2023 17:37
3 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Çin gəmilərinin Rusiyanın Şimal dənizi marşrutundakı fəallığından narahatdır. Təhlükə ondan ibarətdir ki, kommersiya və elmi maraqlar Çinin Arktikada hərbi mövcudluğunun xəbərçisi ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

“Biz bilirik ki, bu gəmilərin göyərtəsində hərbi elm adamları var. Onlar bu gəmilərdən hərbi məqsədlər üçün istifadə etməyəcəklərini bəyan etməyiblər”, - admiral bildirib.

NATO Çinin Rusiya ilə getdikcə daha da sıxlaşan əlaqələri, o cümlədən Arktika suları vasitəsilə Çinə neft nəqlinin kəskin artmasına səbəb olan enerji və nəqliyyat əməkdaşlığını nəzərə alaraq, Pekinin niyyətlərindən narahatdır.

“Rusiyanın Arktikadakı niyyətləri getdikcə aydınlaşsa da, Çinin bölgədəki niyyətləri qaranlıq olaraq qalır”, - Bauer vurğulayıb.

Çinin Arktika üzrə xüsusi nümayəndəsi Qao Fen NATO yetkilisinin sözlərini birbaşa şərh etməyib:

“Arktikadakı gərginlik təkcə əməkdaşlığımızı çətinləşdirməyəcək, həm də qlobal sabitliyə təsir edəcək. Çin və digər Asiya ölkələri Arktikanın qorunması, tədqiqi, inkişafı və idarə olunmasında mühüm rol oynaya bilər”.

Çin yük gəmisi Şimal dəniz yolu ilə müntəzəm kiçik konteyner daşımalarına doğru ilk addım olaraq Baltik dənizindən Çinə üç aylıq gediş-gəliş edib. Rusiyanın Ukraynaya hücumundan sonra bölgə ilə Çin arasında kommersiya əlaqələrinin yenidən qurulması neft daşımalarının artmasına səbəb olub.

“Biz sadəlövh ola və yeni marşrutların yalnız ticarət gəmiləri tərəfindən istifadə olunacağını deyə bilmərik”, - Bauer əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər