Çində işini başa çatdıran “Bir Kəmər, Bir Yol” Forumu ikili görüşlər və müxtəlif razılaşmalarla yadda qaldı. Buna baxmayaraq, əsas diqqət Rusiya Prezidenti Vladimir Putinin Pekinə gəlişinə və verdiyi açıqlamalara yönəldi. Çünki Kreml sahibi Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bəri xarici ölkələrə səfər etmirdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə vurğulanır ki, Vaşinqton Putinin Pekinə səfərini və verdiyi açılamaların Qərbə qarşı yönəldiyini bildirib:
“Pekindəki foruma bəzi Mərkəzi Asiya ölkələrinin liderləri də qatılmışdı. Pekində Qazaxıstanın “QazaqGaz” şirkəti Çinin “PetroChina International” şirkəti ilə saziş imzalandı. Sazişə görə, Qazaxıstan 2023-2026-cı illərdə Çinə qazın nəqlini artıracaq. Qazın həcmi barədə əlavə məlumat verilməyib. Qazaxıstan uzun illərdir Çinə qaz satır. Özbəkistan da Çinə satdığı qazın həcmini artıracaq.
Qazaxıstan və Özbəkistanın Çinə qaz satışını artırması Rusiyanın “Qazprom” şirkətini narahat etməyə bilməz. Çünki Rusiya şirkəti Avropa ölkələrinə sata bilmədiyi qazın hamısını Çinə satmağa çalışır. Çin Rusiyadan qaz alsa da, bir mənbədən asılı olmaq istəmir, Mərkəzi Asiyanın zənginliklərindən də faydalanmağa çalışır”.
Analizdə o da qeyd olunur ki, Pekindəki forumda iştirak edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Uyğur Muxtar Bölgəsinə də səfər edərək Urumçi şəhərində görüşlər keçirib:
“Qazaxıstanın Çinin bu bölgəsiylə sıx iqtisadi əlaqələri var. Qazaxıstanın Çinlə ticarət əməkdaşlığının 40 faizi uyğur bölgəsiylə əlaqəlidir. Qazaxıstan Çinə uzanan dəmir yolunun tikilməsini də istəyir.
Pekin Qazaxıstanla iqtisadi-ticari əməkdaşlığının genişlənməsində maraqlı olsa da, Astanadan ehtiyat edir. Çində təzyiqə məruz qalan uyğurların bir qismi Qazaxıstanda məskunlaşıb. Onlar ara-sıra Çin səfirliyi qarşısında etirazlar edirlər. Pekin Astananı cəzalandırmaq üçün sərhəddə ticarəti minimuma endirmişdi”.